Sevinc Fətəliyeva: "Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır"


Siyasət 07 Apr 2020 19:21:00 120 0

Sevinc Fətəliyeva: "Dövlətin belə məhkumları əfv etməsi onların özlərinə olan inamını artırır"

Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə dövlətimizin başçısı tərəfindən ardıcıl olaraq həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

O bildirib ki, ardıcıl olaraq dövlət başçısı tərəfindən əfv sərəncamlarının imzalanması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır:

"Bu dəfəki əfv sərəncamı 176 məhkum azadlığa qovuşdu. Sərəncam koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı bir sıra məhkumlara şamil olunub. Əfv məsələsinə baxılarkən, məhkumların və onların ailə üzvlərinin müraciətləri, məhkumların səhhəti, törətdikləri cinayətlər, cəza çəkdikləri müddətdə davranışları və digər məsələlər nəzərə alınıb.

Ümumiyyətlə, humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir".

Dövlətin belə məhkumları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa sövq edir" -, deyə S.Fətəliyeva vurğulayıb.

Deputat əlavə edib ki, dövlətin humanist siyasətini xalqımız, cəmiyyətimiz yüksək qiymətləndirir:

"Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri güclənir. Beləliklə, bu sərəncam da Azərbaycan dövlətinin humanizm prinsiplərinə, demokratik dəyərlərə sadiqliyi bir daha təsdiqləyir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, radikal müxalifət bu humanist addımı siyasiləşdirməyə çalışır. Siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq, hər kəs atılan müsbət addımları dəyərləndirməyi bacarmalıdır. Bunu radikal müxalifət düşərgəsi haqqında demək mümkün deyil. Onlar bilməlidirlər ki, tutduqları bu cür mövqeyə cəmiyyətimiz tərəfindən qəbul olunmurlar. Bizim üçün əsas olan xalqımızın mövqeyidir ki, Azərbaycan xalqı dövlətimizin başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir".

Son.az