Müşviq Məmmədov: “Fərdi antivirus istifadəçilərinin sayında nəzərəçarpacaq artım var”


İqtisadiyyat 07 Apr 2020 18:58:47 119 0

Müşviq Məmmədov: “Fərdi antivirus istifadəçilərinin sayında nəzərəçarpacaq artım var”

Pulsuz antiviruslar təhlükə mənbəyidir

“Biz əvvəldən də proqnozlaşdırmışdıq ki, koronavirus (COVID 19) pandemiyası ilə əlaqədar olaraq, tibb müəssislərinə haker hücumları artacaq. Artıq xarici mediadan oxuyuram ki, həqiqətən də, belə hücumlar bir neçə dəfə artıb".

Bunu “Report”a açıqlamasında “Kaspersky Lab” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov deyib.

M.Məmmədov pulsuz antivirusların təhlükə mənbəyi olduğunu da qeyd edib:

“Pulsuz antiviruslardan istifadə məsləhət deyil. Əgər siz pulsuz antivirusdan istifadə edirsinizsə, deməli, qarşı tərəf sizin qarşınızda heç bir məsuliyyət daşımır. Siz sabah dəstək üçün müraciət etsəniz, deycəklər ki, biz sizə heç cür dəstək göstərə bilmərik. Pulsuz antiviruslar tələ kimidir. Pulsuz quraşdırırsınız və əvvəlcədən sizi minimal müdafiə verir. Siz görəndə ki, minimal müdafiə sizə sərf etmir, onlar başlayır sizdən pul qazanmağa. Hər xidmətə görə, əlavə ödəniş tələb edir. Antivirusun pulsuz olması mümkün deyil. Çünki texniki personalı saxlamaq, yeniliklər etmək üçün pul lazımdır”.

M.Məmmədov bildirib ki,#evdəqal kampaniyası çərçivəsində insanların böyük əksəriyyətinin evdə qalması antivirus satışlarına da təsir edib:

“Azərbaycanda “fishing” problemi həmişə olub. Belə ki, həmişə belə hücumlara rast gəlmişik. Bunun üçün yaxşı və tez yenilənə bilən antivirus lazımdır. Bizim çalışdığımız şirkətin iki üstünlüyü var. Bazamız Azərbaycandadır və müştərilərimizə edilən hücumdan anında xəbərdar oluruq. Digər tərəfdən də, bazamızın ölkə daxilində olması sürətli yenilənməyə imkan yaradır. Koronavirus pandemiyası ilə bağlı #evdəqal kampaniyası çərçivəsində “Kaspersky”nin fərdi istifadəçilərin sayında nəzərəçarpacaq artım baş verib. Əgər kimsə öz iş yerində personal kompüter istifadə edirdisə, indi onlar evdən noutbuk istifadə etməyə üstünlük verirlər. Bu zaman isə antivirus quraşdırılmasına ehtiyac yaranır. Hazırda dükanlar bağlı olsa belə, antivirus satışları artıb. Bir çox istifadəçilər onu mobil telefon, yaxud onlayn sifariş verirlər”.