Bu ataoğul 90 dəfə icazə SMSi göndəribmiş... Polis işə qarışdı


Digərləri 07 Apr 2020 15:48:00 117 0

Bu ataoğul 90 dəfə icazə SMSi göndəribmiş...  Polis işə qarışdı

Qısa müddətdə yaradılan "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə ayrı-ayrı vətəndaşlar tərəfindən bəzi hallarda lüzumsuz smslər göndərilir. Bu halların qarşısının alınması üçün daxili işlər orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş sonuncu müraciətdə mobil operatorlardan birinin abunəçisinin 8103 nömrəsinə icazə almaq üçün 90-na yaxın sms göndərdiyi barədə məlumat verilib. Həmin abonentin şəxsiyyəti dəqiqləşdirilən zaman onun Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramanov olduğu müəyyən edilib.

Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramanov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.