"Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür"


Digərləri 07 Apr 2020 12:18:17 116 0

"Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür"

Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bütün dünyada koronavirusla mübarizədə tibbi vasitələrin, xüsusi ilə qoruyucu maskaların qıtlığı hökm sürür, hər kəs bu problemi öz imkanları daxilində həll etməyə çalışır. Nəhəng dövlətlər belə maska qıtlığını aradan qaldırmaq üçün evlərdə, sexlərdə, dərzi emalatxanalarında kustar üsulla maska tikməyə başlayıblar:

"Əlbəttə, bu da bir yoldur və heç olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar etmək olar. Azərbaycanda indiyə qədər maska istehsalı olmayıb və bu tibbi vasitəyə olan ehtiyac idxal hesabına ödənilib. Lakin koronavirus pandemiyası başlanandan hətta maska istehsal edən ölkələr də bu qoruyucu vasitənin çatışmazlığı ilə üzləşməli oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil etməkdən keçirdi. Prezident İlham Əliyev bu məsələni də öz nəzarətinə götürdü və olduqca qısa müddətə - cəmi iki həftəyə ölkəmizdə tibbi maska istehsalı müəssiəsi yaradıldı və fəaliyyət başladı. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışını etdikləri Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil Kombinatının Tibbi maska istehsalı müəssisəsi qısa müddət ərzində yaradılmış ən müasir texnologiya və tibbi standartlara cavab verən bir istehsal müəssisəsidir".

Deputat qeyd edib ki, dünyanın nəhəng dövlətlərinin az qala çaşqınlıq, ümidsizlik və depressiya içərisində çabaladığı bir dövrdə Azərbaycan dövləti özəl sektorla birlikdə ən qısa müddətdə öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska istehsal edən yeni bir müəssisə qura bilirsə, bu, dövlətin gücünün, nüfuzunun, dövlət rəhbərinin siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə etmək və zamanında düzgün qərar qəbul etmək kimi müdrikliyinin göstəricisidir.