Karantin menyusu necə olmalıdır? ÜST açıqladı


Digərləri 06 Apr 2020 23:03:00 190 0

Karantin menyusu necə olmalıdır?  ÜST açıqladı

Koronavirus səbəbilə özünütəcrid dövründə qidalanma yenidən qurulmalıdır.

Son.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə əlaqədar Avropa ölkələrinin karantin təcrübəsini nəzərə alaraq qidalanma ilə bağlı tövsiyələr verib.

1. Plan hazırlayın və yalnız ehtiyac duyduğunuz məhsulları alın

Artıq görülmüş ehtiyatları yenidən nəzərdən keçirin. Sonra ailə rasionunu planlaşdırmağa başlayın, həftəlik qidalanma planı hazırlayın. Bu, niyə vacibdir? Düzgün plan üzrə alış-veriş etsəniz, xarab olmuş məhsulları atmaq məcburiyyətində qalmayacaqsınız və tələbatın çoxalması qiymətlərin artmasına səbəb olmayacaq, eyni zamanda hamı üçün bərabər miqdarda qida əldə etməyə imkan verəcək.

2. Təzə ərzaqlara üstünlük verin

Konservləşdirilmədən çox təzə meyvə və tərəvəzlərə üstünlük vermək tövsiyə olunur. Təzə ərzaq əldə etmək mümkün deyilsə, dondurulmuş meyvə və tərəvəzləri seçin, təzə ilə müqayisədə onlar qida dəyərini çox itirmir. Əgər təzə meyvə və ya tərəvəz, göyərti çox almısınızsa, onları dondurucuya yerləşdirin.

3. Evdə bişirin

Karantin kulinariya bacarıq və qabiliyyətlərinizi inkişaf etdirmək üçün əlverişli vaxtdır. İndi hətta çoxdan arzulanan reseptləri hazırlamaq imkanınız ola bilər.

4. Məhsul çatdırılma xidmətindən istifadə edin

Karantin zamanı mağazaya düşməmək daha yaxşıdır. Özünüz heç bir şey bişirə bilmirsinizsə, hazır yeməklərin çatdırılma xidmətindən istifadə edə bilərsiniz. Ödənişin təmassız olması və kuryerin hər şeyi səliqəli şəkildə qapıda qoyması vacibdir. Məhsulların düzgün qablaşdırmada və lazımi temperaturda gəlməsi mühümdür.

5. Yemək qaydalarına əməl edin

Xəstəlikdən qorunmaq üçün aşağıdakılardan əmin olmaq lazımdır:

- əllər, mətbəx və qablar təmiz olmalıdır;

- yeməyi diqqətlə bişirin;

- yeməkləri tövsiyə olunan temperaturda saxlayın;

- təmiz sudan və təzə məhsullardan istifadə edin;

6. Duzu məhdudlaşdırın

Əgər ərzaqlar təzə deyilsə, daha çox dondurulmuş qidalar və ya konservləşdirilmiş məhsullar yeməyə başlamısınızsa, yeməyin duzunun az olmasına diqqət yetirilməlidir. Hazır qidalar və konservlər çox miqdarda duz ehtiva edir. ÜST gündə 5 qramdan az duz istifadə etməyi məsləhət görür.

Konservləşdirilmiş yeməklərdən imtina etmək mümkün olmadıqda, natrium duz miqdarını azaltmaq üçün konservləşdirilmiş tərəvəzləri yuya bilərsiniz. Turşu qidalarının tərkibində çox miqdarda natrium duzları olduğunu da unutmayın. Bişmiş yemək təzə və dadsız olmalıdırmı? Duz əvəzinə ədviyyatları sınayın və ətirli bitkilərdən istifadə edə bilərsiniz.

7. Şəkər az yeyin

Şirniyyat istəyirsinizsə, təzə meyvələrə üstünlük vermək daha yaxşıdır. Təzə meyvə olmasa belə seçim çoxdur. Dondurulmuş, qurudulmuş meyvələrdən, kompotlardan istifadə edə bilərsiniz, ancaq bunların hamısının kifayət qədər şəkər ehtiva etdiyini unutmayın. Tərkibində daha az yağ, şəkər olan desertlər seçmək və adi porsiyanı iki dəfə azaltmaq daha yaxşıdır.

8. Daha az yağ yeyilməlidir

Qızardılmış yeməkləri qaynadılmış məhsula dəyişməklə yağ miqdarını azaltmaq olar. Qızartma yeməklərdən imtina etməklə yağ miqdarı kəskin azalacaq. Belə yemək darıxdırıcıdır? Onda heç olmasa sobada bişmiş yeməklərə üstünlük verin, qızartmaya yox. Qızartmalardan hələ də imtina edə bilmirsinizsə, üzüm, zeytun və günəbaxan kimi doymamış yağlardan istifadə etmək daha yaxşıdır. Tərkibində doymamış yağlar olan qidalara (balıq və qoz-fındıq kimi) üstünlük verin.

Karantin ərzində daha az mal əti, quş əti (dərisini mütləq soyun) yeyiməlidir, donuz piyi və palma yağlarını azaltmağa çalışın. Trans yağları tamamilə aradan qaldırmaq daha yaxşıdır. Hidrogenləşdirilmiş yağ tərkibli ərzaqlar alanda etiketlərini diqqətlə oxuyun. Yadda saxlayın ki, qızardılmış qidalar, həmçinin peçenye, dondurulmuş pizza, kraker və marqarinin tərkibinə yüksək miqdarda trans yağlar daxildir.