Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş ARAŞDIRMA FOTO


Kriminal 06 Apr 2020 22:32:00 236 0

Məşədi İbadın hambalı hansı tanınmış aktrisa ilə sevgiliymiş  ARAŞDIRMA  FOTO

Son.az "ölkə.az"-a istinadən"Portret" rubrikasının növbəti sayını sizə təqdim edir.

Əhməd Ruminski...

Onun haqqında mətbuatda demək olar ki, çox az məlumata rast gəlinir. Nadir aktyorlardandır ki, çəkildiyi bircə filmlə bu gün də xatırlanır. Hətta bir çoxları onun oynadığı rolun gerçək peşəsi olduğunu düşünürlər.  Elə "Məşədi, bə mənim bir abbasım hara getdi" deyimini xatırlamaq kifayətdir dediklərimi isbatlamaq üçün. Heç şübhəsiz ki, söhbət "O olmasın, bu olsun" filmindən Məşədi İbadın hambalı kimi tanıdığımız aktyor Əhməd Ruminskidən gedir.

Əvvəla onu qeyd edim ki, bu aktyorun bir adı olsa da, soyadına ayrı-ayrı mənbələrdə müxtəlif cür rast gəlinir: "Ruminski", "Əhmədov" və "Anatollu".

Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində anadan olub. Ailəsi XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan Bakıya mühacirət etmişdi. Atası Məmmədqulu kişi İranda anadan olmuşdu və oğlunu axund görmək istəyirdi. Elə buna görə də balaca Əhməd dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Hər halda aktyor haqda araşdırma apararkən rast gəldiyimiz azsaylı bilgilər bundan ibarətdir. Araşdırmamızın sonrakı bölümündə isə aktyorun hansı azərbaycanlı aktrisa ilə yaxın münasibətdə olduğu haqda oxuyacaqsınız. Hələlik isə davam edək...

Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfil-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. Amma atası bu təklifə razı olmur. Çünki Əhməd Nəcəfil-Əşrəfə gedəcəyi halda ən azı 20-30 il ailəsindən kənar qalmalıydı.

Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyarmış. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olunur və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazanır. Tənqid-Təbliğ Teatrı isə Əhmədin həyatında dönüş yaradır. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxır. Əhməd qələmini işə salaraq böyük poemalar, qəzəllər yazmağa başlayır. Tezliklə "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulur. "Rumlu" təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirmiş. Deyilənə görə, aktyorun 5000-dən çox qəzəli mövcuddur. Amma onlardan demək olar ki, heç biri haqda məlumat yoxdur.

Əhməd Ruminski "O olmasın, bu olsun"dan başqa daha beş filmə çəkilsə də, heç bir rolu hambal qədər uğurlu olmayıb. Elə 1956-cı ildə oynadığı hambal rolundan sonra ona ard-arda təkliflər gəlir və ilk olaraq 1957-ci ildə "Bir məhəllədən iki nəfər", 1958-ci ildə "Kazbek qutusu", yenə də 1958-ci ildə "Kölgələr sürünür", 1960-cı ildə "Səhər", 1961-ci ildə isə "Bizim küçə" bədii filmlərində rol alır. Amma bir daha qeyd edim ki, sözügedən filmlərdən heç birində oynadığı rol hambalı unutdura bilmir. Bəs, Ruminski necə "hambal" olmuşdu? Deyilənə görə, hambal roluna onu Əliağa Ağayev məsləhət görüb. Hüseyn Seyidzadə bir neçə aktyoru sınayıb, bəyənməyibmiş. Günlərin birində Əliağa Ağayev deyir ki, "bizim teatrda bir istedadlı aktyor var. Bəlkə onu sınayasınız". Bu o anlama gəlir ki, həmin vaxta qədər Ruminski cəmiyyətdə, eləcə də rejissorlar arasında elə də populyar deyilmiş. Əhməd Ruminskini görən Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir.

Əhməd Ruminski ilə bağlı başqa bir fikirdə isə deyilir ki, o əsl epizod aktyoru imiş. Yəni aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb.