Karantin rejimi ilə bağlı internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib


Digərləri 06 Apr 2020 20:04:00 140 0

Karantin rejimi ilə bağlı internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı fəaliyyəti çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumat yayımlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, məlumatda deyilir:

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilib. Əhalinin sağlamlığının qorunması istiqamətində mübarizə xarakterli və profilaktik tədbirlərin həyata keçirilməsi dövlətlər üçün strateji prioritet kimi çıxış edir.

Azərbaycan Respublikasında da pandemiyanın qarşısının alınmasına əsaslanan yanaşmalar Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğunlaşdırılıb, ölkə başçısının göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər davam etdirilir, preventiv və effektiv tibbi xidmətlərin təşkili işi gücləndirilməkdədir.

COVID-19 infeksiyasının yayılması qlobal pandemiyanın fəsadlarının uşaq hüquqları prizmasından da araşdırılmasını zəruri edir. Bu fəaliyyət adekvat tədbirlərin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hazırkı koronavirus pandemiyasının gedişatı uşaqların qloballaşmış infeksion xəstəliklərin mənfi təsirlərinə eyni dərəcədə məruz qalmadığını, bir çox hallarda daha həssas olduqlarını göstərir.

Bu baxımdan, ölkədə koronavirus xəstəliyinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) əhali qruplarının hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi və təmini məsələsini monitorinq edir.

Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində dövlət uşaq müəssisələrindəki mövcud vəziyyət nəzarətdə saxlanılmaqla, mövcud imkanlar, uşaqların hüquqlarının təmini, onlarla rəftar, saxlanma şəraiti, gender məsələləri və əlilliyi olanların da vəziyyəti nəzərə alınmaqla effektiv tibbi xidmətlərin təşkili və əlçatanlığı araşdırılmış, məsul şəxslər və qurumlarla müzakirələr aparılıb.

Bu ərəfədə internat müəssisələrində yaşayan uşaqlar ailələrinə verilib, uşaq evlərində yaşayan və ailələrinə verilmiş uşaqların müəssisələrə geri qayıdışı dayandırılıb, digər qrup müəssisələrdə isə xüsusi karantin rejimi və sosial izolyasiya tədbirləri gücləndirilib.