Şəhidin məkanı, yurdu,


Digərləri 06 Apr 2020 17:50:00 162 0

Şəhidin məkanı, yurdu,

Epiqraf və ya kiçik açıqlama..

İki bənna xərəklə addımlayır. Yoldan keçən biri hər ikisinə eyni sualı verir:

Nə iş görürsünüz?

Birincisi cavab verir:

- Görmürsənmi, daş daşıyıram!

İkinci isə cavab verir:

ŞARTR kilsəsini ucaldıram!!!

İnsanın həyata və ölümə baxışları da belədir, bu kiçik XII əsr fransız rəvayətində olduğu kimi... Kimiləri öz qısa ömürləri ilə tarixə imza atacaq əməli ilə yadda qalır, ölümü ucaldır, ŞƏHİD olur, kimiləri isə uzun uzadı daş daşımaqla, sadəcə ölür...

Bizim bu həyata baxışımız da bir dəyərdir, ŞƏHİD ömürlərini qələmə almaq....

Şəhidlik məqamı, ölməz şəhidlər haqqında çox yazılıb... Yazmalıyıq da... Şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığı bir anda yaranmır çünki, onlar anadan qəhrəman və igid doğulsalar da, öz xarakterləri, tərbiyələri, mənəviyyatları ilə bu keyfiyyətə sahib olurlar... Yazmalıyıq onlar haqqında, ən azından zaman-zaman onları tanımaq, tanıtmaq üçün araşdırmalı, doğmalarını dinləməli, özlərindən sonra sadəcə sözləri, şəkilləri, əməlləri yadigar qalan ŞƏHİDlərə övlad, bacı, qardaş, dost olmalıyıq, onların adını uca yaşatmalıyıq...

Bu yazıda 3 fərqli rayondan olan, fərqli zamanda, lakin eyni məkanda - Qarabağ torpağında canını qurban etmiş 3 qəhrəman şəhid haqqında yazılacaq. Düşündüm ki, şəhidin Vətəni insanların qəlbi, uyuduğu məkan Vətənin bağrıdır... Şəhidin məkanı da, yurdu da, diyarı da VƏTƏNdir... Belə bir ali müqəddəsliyi zamana və məkana bölmək olmaz... Azərbaycan uğrunda şəhid olmuş qəhrəmanların haqqında onların haralı olmasından asılı olmayarq, bilməliyik, öyrənməliyik ki, tariximizin qanlar, canlar bahasına necə qürurla və şərəflə yazıldığını sübut edə bilək...

Bu 3 şəhid haqqında öyrəndiklərimdən, doğmalarının, yaxınlarının dilindən eşitdiklərimdən, onların duyğularından çox kiçik bir hissəni şeirə çevirmək mümkün oldu... Çünki bütün hiss edilən hər şeyə cümlə qurmaq olmur, çox çətindir...

ŞƏHİDLİYİN ÜNVANI ƏBƏDİYYƏTDİR - Şəhid Altay MƏMMƏDOV: Məmmədov Altay Seyidrza oğlu 1966-cı il noyabrın 20-də Quba rayonunun Çartəpə kəndində anadan olub.

Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Ukraynanın Kamenetsk-Podolsk şəhərində İ.A.Xarçenko adına Ali Hərbi Mühəndis Komandirləri məktəbində istehkamçı-mühəndis minaaxtaran ixtisasına yiyələnmişdir. Xaricdə yaxşı işinin işinin olmasına baxmayaraq, Azərbaycanın ağır günlərində dözə bilmədi, Vətənə döndü, döyüş bölgəsinə yollandı... 1993-cü ildən başlayaraq cəbhənin qaynar nöqtələrində öz peşə fəaliyyətini yerinə yetirərək vətən torpağında öz izlərini qoyurdu. 1994-cü il mayın 19-da Tərtər rayonunda Üçtəpə rota komandiri Altay Məmmədov minaya düşdü və şəhid oldu.

Əmim Altay Məmmədovun vaxtsız ölümü bütün doğmaları kimi atamı və ailəmizi də dərindən sarsıtdı... Atam, əmim və bibilərim qardaş itkisinin əzabı ilə eyni vaxtda, Altayın Şəhidliyinin qürurunu də yaşadılar....

Demişdin bu bir il an kimi keçər, Bəs niyə uzandı bu bir an, qardaş, Gözlədik, gözlədik gəlmək bilmədin, Qayıt, yollarına mən qurban, qardaş!

Sərərəm yoluna gülü-çiçəyi, Qayıt evimizin arxa dirəyi Həsrətdə qoymusan neçə ürəyi, Qayıt yollarına mən qurban, qardaş

Gəl, qoyma özümü mən tənha sanam, Sənsiz bu həyatda bir ölü canam Sən necə qıyırsan ağlasın anam? Qayıt yollarına mən qurban, qardaş

Sən elə arxaydın, bizlərə dayaq, Dönüşün olmazdı gərək bu sayaq Nə qədər ağılar deyək, ağlayaq? Qayıt yollarına mən qurban, qardaş.

Baxıram şəklinə hər gün doyunca, Ağlayır ürəyim əldən qoyunca, Adın dilimdədir ömür boyunca, Sən qürur yerimsən Şəhid qardaşım

Başıma tac etdim hər zaman səni, Ölümün gətirdi dumanı çəni Həsrətin yandırıb-yaxsa da məni, Sən qürur yerimsən Şəhid qardaşım

Ölümün şərəfdir bilirəm bunu, Yoxdur bu həsrətin, yoxdur heç sonu Səbrli olmağın təkcə qanunu... Sən qürur yerimsən Şəhid qardaşım

Ölüm gec və ya tez gəlməsindən asılı olmayarq, ağrılı olur. Ancaq Vətən uğrunda ölənlərin doğmalarının səbri daha böyük olur, çünki onların qürurları kədərdən daha yüksək olur.

VƏTƏN SEVGİSİ, ŞƏHİDLİK ZİRVƏSİ - Şəhid Elvin NAMAZOV: Namazov Elvin Məmməd oğlu 1990-cı ilin 7 sentyabrında Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.

Uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq olan Elvin Namazov 2007-cı ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin Namazov Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbinə daxil oldu. 2012-ci ildə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. Xüsusi Təyinatlı Bölükdə xidmətə başlayan Elvin 2016-cı ildə baş leytenant rütbəsi aldı. Azərbaycan tarixinin şanlı hərb səlnaməsi olan Aprel döyüşləri baş verəndə Elvinin qrupu da döyüşə girdi. Baş leytenant Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də erməni əsgərlərlə qeyri-bərabər döyüşdə öz əsgərlərini qoruyaraq onları sağ-salamat mühasirədən çıxartsa da, özü qəhrəmancasına şəhid oldu.

Döyüş yoldaşı Ehliyyət Mehdiyevin sözləri ilə desək doğma Vətənin başına gətirilən müsibətlərin qisasını almaq üçün həmişə can atırdı Elvin. "Elvin həmişə deyərdi ki, xain düşməndən 20 Yanvar, Xocalı soyqırıının qisasını almaq lazımdır, bu bizim borcumuzdur. Canı, qanı bahasına olsa belə Elvin öz borcunu yerinə yetirdi, Vətənə olan borcunu... Getdi qoynuna, düşmən əlindən almaq üçün can atdığı doğma torpağının...