“Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır


Digərləri 06 Apr 2020 17:21:00 456 0

“Regional İnkişaf” İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

"Regional İnkişaf" İctimai Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır.

Son.az bildirir ki, birlikdən Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində "Regional İnkişaf" İctimai Birliyi (RİİB) xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır. Hər bir aztəminatlı şəxs, eləcə də yardım göstərərək bu layihədə iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər portalda qeydiyyatdan keçdikdən sonra onların əlaqələndirilməsi və müvafiq yardımların göstərilməsi təmin ediləcək.

Layihənin məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Daxil olan müraciətlər RİİB tərəfindən araşdırılacaq, ərzaq sovqatları hazırlanacaq və onların qısa müddətdə ehtiyacı olan şəxslərə çatdırılması təmin ediləcək. Portalda daxil olan müraciətlər və göstərilən yardımlar barədə məlumatlar mütəmadi öz əksini tapacaq.

Xatırladırıq ki, ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in "150" çağrı mərkəzinə zəng etməklə müraciət edə bilər.