Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi


Digərləri 06 Apr 2020 16:39:00 112 0

Dövlət Xidməti koronavirusa görə çağırışçılara müraciət etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) çağırışçılara müraciət edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Xidməti müraciətdə çağırışçıları koronavirus infeksiyasına qarşı mübarizədə məsuliyyətli olmağa çağırıb:

"Əziz çağırışçılar!

Bildiyiniz kimi, koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində Sizin sağlamlığınızla bağlı mümkün risklərin aradan qaldırılması məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılmışdır.

Hörmətli çağırışçılar, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə ciddi riayət edərək Siz əsl vətənpərvərlik nümunəsi göstərə bilərsiniz. Mövcud vəziyyətdə hər biriniz gələcəyin əsgəri kimi hərbi xidmətin təməl prinsiplərindən olan nizam-intizamlı olmaqla müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyinə, milli həmrəyliyə və öz yaxınlarınızın sağlamlığının qorunmasına böyük töhfə vermiş olarsınız.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıları bir daha xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özünütəcrid və sanitar-gigiyena qaydalarına riayət etməyə çağırır.