Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı


Digərləri 06 Apr 2020 16:29:00 142 0

Bakıda birinci sinfə qəbulla bağlı statistika açıqlandı

Aprelin 6-na (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə 34591 uşaq üçün elektron sistem (www.mektebeqebul.edu.az) vasitəsilə sorğu yerləşdirilib.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, 2019-2020-ci tədris ilində məktəbəhazırlıq qruplarına 24722 uşaq cəlb olunduğundan onların I sinfə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilib. Bununla da paytaxt üzrə I sinfə ümumilikdə 34591 uşaq üçün sorğu yerləşdirilib. Bu göstərici nəzərdə tutulan şagird qəbulu proqnozunun təxminən 82 faizindən çoxdur.

2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədris digər dillərdə aparılan bölmələrə isə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla).

Tədris digər dillərdə aparılan bölmələr üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin vaxtı ilə bağlı valideynlərə SMS vasitəsilə əlavə məlumat verilib. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi tibbi-profilaktik vəziyyət nəzərə alınaraq dəyişdirilib.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.