Təhsil Nazirliyi: ""Virtual məktəb" portalında yenidən qeydiyyatdan keçmək mümkündür"


Digərləri 06 Apr 2020 15:12:00 240 0

Təhsil Nazirliyi: ""Virtual məktəb" portalında yenidən qeydiyyatdan keçmək mümkündür"

"Virtual məktəb" portalında artıq yenidən qeydiyyatdan keçmək mümkündür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsilin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov deyib.

Artıq 36 min şagirdin qeydiyyatdan keçdiyini xatırladan V.Xanlarov bəzi valideynlərin qeydiyyatdan keçə bilməməsinə də münasibət bildirib.

O qeyd edib ki, adətən, bütün sistemlərdə müəyyən müddət ərzində "sıxlıq" dövrü müşahidə edilir: "Ola bilsin ki, hansısa valideynə anında istifadəçi adı göndərilməyib. Bəzi provayderlər bir çox məktubları filterdən keçirərək onu spam kimi qəbul edirlər. Buna görə də qeydiyyatdan keçmək istəyənlər gələn məktublarla yanaşı, spam qovluğunu da yoxlamalıdırlar. Çünki cavab məktubu orada da ola bilər".

V.Xanlarov bildirib ki, portalda artıq qeydiyyatdan keçmiş valideynlər portala daxil olarkən öz e-mailləri vasitəsilə deyil, sistem tərəfindən ona göndərilən istifadəçi adı və şifrə ilə daxil olmalıdırlar.

İdarə rəisi əlavə edib ki, sistemdə şagirdə həm də tapşırıqlar verilir və şagird həmin tapşırıqları edərkən sistem düz və ya səhv cavabları özü müəyyən edir. Proqramın ingilis dilində olmasına və bunun dil bilməyən valideynlər üçün çətinlik yaratmasına da münasibət bildirən TN rəsmisi bildirib ki, "Microsoft Teams" adlı tətbiqi üzərində qurulan virtual məktəb platforması çox qısa zamanda - bir həftəyə ərsəyə gətirilib: "Lakin bu platforma bizim sistemlərə də inteqrasiya edilib ki, biz şagirdləri tanıyaraq onları sistemə qəbul edək. Hazırda ""Microsoft" şirkəti ilə bununla bağlı danışıqlar aparılır. Bu işlər çox tez olmaya bilər, amma bu istiqamətdə işlər görülür".

V.Xanlarov virtual dərslərlə bağlı təlimatların hazırlanacağını da nəzərə çatdırıb.