Karantin dövrünü necə keçirmək lazımdır? Psixoloq danışır...


Digərləri 06 Apr 2020 07:28:00 193 0

Karantin dövrünü necə keçirmək lazımdır?  Psixoloq danışır...

Dünyada, koronavirus infeksiyasının (COVID-19) yayılma hallarının sayı sürətlə artmaqda davam edir. Bu səbəbdən demək olar ki, bütün dünyada karantin rejimi elan olunub. Ölkəmizdə də bu infeksiyanın qarşısını almaq üçün ciddi tədbirlər görülür. Pandemiyaya görə, evlərində özünütəcrid edən insanlar bəzən darıxdıqlarını, psixologiyalarına bunun mənfi təsir etdiklərini deyirlər. Bəs, əslində bu vəziyyətdə necə davranmaq lazımdır?

Son.az bildirir ki, "ölkə.az" bu mövzu ətrafında araşdırma apararaq, mütəxəssis fikrini öyrənmək üçün Psixologiya elmi üzrə fəlsəfə doktoru İsayeva Amaliya xanıma müraciət edib.

Əməkdaşımızla söhbətində həkim bu cür vəziyyətlərdən çıxış yolunun hər insanın öz əlində olduğunu deyib.

"Əslində darıxmaq istəyən insan, hər vəziyyətdə darıxacaq. Onun həyatı adi qaydada olanda da belə davranır. Hazırda həmin insanların zəif nöqtələri aşkara çıxıb, yəni cəmiyyətin zəif bəndləri üzə çıxıb. İkincisi, hər bir intelektual, ağıllı, dərrakəli insan özünə hər zaman məşğuliyyət tapır. Baxın, insanları həbs edəndə, onlara ən ağır cəza olaraq,  tək adamlıq kameraya yerləşdirirlər və insanlarla ünsiyyətdən təcrid edirlər. Şükür Allaha ki, biz bu vəziyyətdə deyilik. İşığımız var, qazımız var, doğmalarımız yanımızdadır. Yəni heç nə dəyişməyib. Bir çoxları mənim kimi evdən işləyirlər. Bir daha təkrarlayıram, o insanlar vaxtilə psixoloji problemləri olanlardır ki, belə davranırlar. Onlara sadəcə bəhanə lazımdır", - deyə Amaliya xanım qeyd edib.

Mütəxəssis insanlara vaxt çatışmazlığından  təxirə saldıqları işləri görməyi də tövsiyyə edib.