İnsanlar əvvəlcə kor olurdular, sonrasa boğulurdular…


Dünya 05 Apr 2020 16:41:00 140 0

İnsanlar əvvəlcə kor olurdular, sonrasa boğulurdular…

20-ci əsrin tarixinə kütləvi insan qırğını ilə nəticələnən bir çox hadisələr yazılıb. Birinci və İkinci Dünya müharibələri, Yaponiyaya iki atom bombasının atılması, "İspan qripi" pandemiyası, təbii fəlakətlər, zəlzələlər, sunamilər, milli münaqişələr, qəzalar və s...

Son.az musavat.com-a istinadən bildirir ki, dünyanın yaxın tarixində böyük faciə ilə nəticələnən belə hadisələrdən biri də 1984-cü ildə Hindistanın Bhopol şəhərində baş verib. 

Bhopol faciəsi kimi tarixə düşən bu hadisə dünya tarixində qurbanlarının sayına görə ən böyük kimyəvi fəlakət sayılır. Şəhərdə fəaliyyət göstərən "Union Karbide" şirkətinin kimyəvi zavodunda baş verən qəza nəticəsində 18 min insan həlak olub, 500 mindən artıq adam qəzadan ciddi zərər çəkib.

1970-ci ildən başlayaraq Hindistan hökuməti iqtisadiyyatının dirçəlməsi üçün xarici investorları ölkəyə cəlb etmək istiqamətində iş aparanda, Amerika Birlşmiş Ştatlarının "Union Karbide" şirkəti də Bhopol şəhərində kimyəvi zavod açıb. Zavod kənd təsərrüfatında istifadə edilmək üçün pestisid istehsal edib. 

Qeyd edək ki, zəhərli kimyəvi maddələrdən hazırlanan pestisidlər kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məhsuldarlığını artırmaq üçün istifadə olunub. 

Şirkət rəhbərliyi hər il dünyada istehsal olunan dənli bitkilərin üçdə birinin ziyanvericilər və fitopatoloji göbələklər vasitəsilə məhv olduğunu nəzərə alaraq, belə düşünüblər ki, istehsal etdikləri məhsula dünya bazarında xüsusi tələbat olacaq və zavod kifayət qədər böyük gəlirlə işləyəcək.

İlk illərdə hər şey düşünüldüyü kimi olub, zavod gəlirlə işləyib. Amma ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq istehsal olunan məhsula tələbat kəskin şəkildə azalıb. Gəlirlər azaldıqca zavodda işləyənlərin maaşları da azaldılıb, ixtisarlar olunub. Amma bunlar zavodu çətin vəziyyətdən çıxara bilməyib.

Vəziyyətdən çıxış yolu tapmaq üçün şirkət rəhbərliyi bütün vasitələrə əl atıb. Zavodun normal fəaliyyəti üçün sərf olunan vəsaitlərə qənaət edilməyə başlanıb. O cümlədən, texniki təhlükəsizlik sahəsinə ayrılan vəsait də dörd dəfə azaldılıb.

Zavod inşa edilərkən onun yeraltı rezervuarlarında texniki göstəricilərə görə 1 ton  metilizosionat maddəsinin saxlanılması nəzərdə tutulub. Yəni, rezervuarlara bundan artıq kimyəvi maddənin yerləşdirilməsi təhlükəsizlik baxımından ciddi pozuntu sayılıb. Buna baxmayaraq 4 yeraltı rezervuarda 42 ton metilizosionat saxlanılıb. 

Əsas təhlükəsizlik şərtlərindən biri rezervuarlarda tələb olan temperaturun saxlanılması olub ki, bu şərtə də əməl edilməyib. Belə ki, rezervuarlarda temperatur 39.5 dərəcəyə qalxıb və yaranmış təzyiq qəza klapanlarını dağıdıb.

Beləliklə, 1984-cü il dekabrın 3-də, gecə saat 2-də rezervuarların yeraltı partlayışından sonra havaya 42 ton metilizosionat qazının sızması başlanıb.