Pərvin Kərimzadə: "Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız var"


Siyasət 04 Apr 2020 17:17:00 136 0

Pərvin Kərimzadə: "Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımız var"

Bu gün kainatımız, eyzi zamanda ölkəmiz insanların sağlamlığını təhdid altına alan yeni qlobal pandemiya - koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, tibbin, texnologiyaların inkişaf edərək pik həddə çatdığı bir dövrdə bəşəriyyət öz tarixi boyu ən ağır bəla ilə üzləşdi, infeksiyanın yayılması tamamilə nəzarətdən çıxdı. XXI əsrin bəlasına çevrilən virus üzündən dünya ölkələri bir-birinə qapılarını bağladı, iqtisadi əlaqələr məhdudlaşdırıldı, beynəlxalq tədbirlər təxirə salındı. Ən çətin sınaqlardan, təbii fəlakətlərdən, iqtisadi böhranlardan çıxış yolu tapan insanlar dünyaya meydan oxuyan bu qorxunc kabusun ağır sınağı qarşısında əlacsız qaldı:

"Ölkəmizdə ilk gündən gözəgörünməz təhlükəli virusun koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması, vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə hökumət tərəfindən məqsədyönlü, təxirəsalınmaz tədbirlər görülüb, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsaslanan maarifləndirmə işləri davam etdirilir.

Azərbaycan dövləti tərəfindən vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması baxımından vaxtında atılan qətiyyətli addımların, səhiyyə xidmətlərinin əlçatanlığı, gigiyena mədəniyyətinin yüksək olmasının nəticəsidir ki, ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir.

Təəssüflər olsun ki, bəzən ictimai yerlərdə hökumətin müəyyənləşdirdiyi qaydalara diqqətlə riayət edilmədiyinin şahidi oluruq. Unutmayaq ki, görülən bütün təxirəalınmaz tədbirlərlə yanaşı hər birimiz üzərinə vətəndaşlıq məsuliyyəti düşür. Bu gün bizim bir nömrəli vəzifəmiz təlimatlara tam əməl etmək, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərə dəstək olmaq, sərhəd tanımayan COVID-19 infeksiyasına qarşı birlikdə mübarizə aparmaq olmalıdır.

Düşünürəm ki, bir nəfər kimi, mövcud təlimata uyğun hərəkət edərək evdə otursaq, sosial izolyasiya qaydalarına riayət etsək, təkcə özümüzün, ailəmizin, doğmalarımızın deyil, cəmiyyətimizin üzvlərinin səhhətini qorumuş olar, ən başlıcası isə dünyada böyük problemə çevrilən qlobal pandemiyanın ölkəmizdə yayılmasının qarşısını alarıq.

Bir halda ki, bu gözəgörünməz bəladan qorunmağın çıxış yolu, müəyyən zaman ərzində evdə qalmaq, zərurət olmadıqda bayıra çıxmamaqdır, gəlin, pandemiyaya qarşı mübarizədə maksimum fəallıq göstərək.

İnanıram ki, hər zaman milli birlik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşı koronavirusla bağlı mübarizədə də həmrəylik nümayiş etdirərək, ölkəmizi qlobal pandemiya təhlükəsindən qoruyacaq".

Son.az