Gizli eşqin qaçağı, çar zabitinin “partizan” oğlu, Kralın son arzusu...


Digərləri 04 Apr 2020 16:48:00 208 0

Gizli eşqin qaçağı, çar zabitinin “partizan” oğlu, Kralın son arzusu...

"Sərt Mixaylo siması heç vaxt dönüb lirik Məcnun ola bilməz", - dedilər. Rejissor isə inadından dönmədi, çünki seçdiyi aktyorun potensialını duyurdu. Beləliklə, heyrətamiz "Mixaylo" həm də əsrarəngiz Məcnuna çevrildi...

Son.az bildirir ki, Lent.az-ın "Həyat hekayəti"ndə bu dəfə özüdür; nə Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı, nə də lirik qəhrəman, tarixin ən böyük aşiqlərindən biri olan Məcnun. Nodar Şaşıqoğlundan danışacağıq... 

Hərbçi ata

Batuminin Türkiyə ilə sərhəddə yerləşən kəndində İzzət Rəcəb oğlu Şaşıqoğlu adlı bir keçmiş çar zabiti olub. Onun anası azərbaycanlı, atası acar, bir babası Anadolu türkü, nənəsinin biri rus imiş. Bu keçmiş zabitin xanımı gürcü idi, onun anası rus, ata nənəsi tərəfdən turklərlə qarışığı vardı.

Nodar bu ailədə dünyaya gəlib. Repressiyaya uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi.

Nodarın atası 1914-cü ildə rus-türk müharibəsində vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər ki, evin sonbeşiyi, həm də son ümididir. Sən saydığını say, gör fələk nə sayır. Bu qədər qorunan qardaş gənc yaşlarında repressiyaya uğrayacaqmış. Tale...

Türk ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən zaman istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağqvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub.

Nadinc oğul

Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütməyib. Deyirmiş ki, oğlunu əsil kişi kimi böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş.

Bununla belə, atası Nodarın nadincliyinin qarşısını ala bilmirdi. Bu yerdə ağlıma nənələrin bir fikri gəlir: qanında o qədər millətin qarışığı olan adam bir yerdə otura bilər?

Elə bir gün olmayıb ki, atasına Nodarın oxuduğu məktəbdən, ya haradansa şikayət gəlməsin.

Balaca Nodar sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı vaxtlarda oxuyub. Dəcəlliyindən beş dəfə məktəbdən qovulub ayrı-ayrı məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi.

Rus dili olimpiadalarının birində hətta birinci yeri tutmuşdu. Bütün Gürcüstanda rusca qiraət müsabiqəsində onunla bir sırada dayana bilən olmadı. Gözəl şeir deməyi də vardı Nodarın. Onu oxuduğu məktəbdən ümumittifaq bədii qiraət müsabiqəsinə namizəd vermişdilər. Nodar da, müəllimi də əmin idi ki, o, birinci yeri tutacaq, amma...

Müharibə imkan vermədi. Həmin illəri Şaşıqoğlu ailəsi Tiflisdə yaşayırdı. Müharibə daha yarım il davam etsəydi, Nodar da döyüşçü yaşına çatacaqdı.

Üç məktəbə qəbul olundu, birini seçdi, amma...

On yeddi yaşının tamamında atası Nodarı Moskvaya təhsil arxasınca göndərir. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil", - deyir.

Nodar eyni vaxtda həm Teatr İnstitutuna, həm üç teatr studiya-məktəbinə imtahan verir. İşini ehtiyatlı tutur - heç olmasa, birinə qəbul olunsun. Tale elə gətirir ki, bütün imtahanlardan keçib sənədlərini verdiyi məktəblərin hamısına qəbul olunur. Seçim qarşısında qalanda evə, atasına zəng edir, qərara gəlirlər ki, Teatr İnstitutunda oxusun. Moskva kimi şəhər, rus qızları, yaraşıqlı türk, qafqazlı oğlan. Belə şəraitdə onu oxumadığına, dərsə getmədiyinə görə kim qınaya bilər? Heç kim qınamadı. Nəticədə 12 fəndən "iki" alan gənc, yaraşıqlı Nodar ali məktəbdən xaric edilir.

Növbəti il Nodar yenidən, bu dəfə Şukşin adına Teatr Məktəbinə daxil olur. Elə orada oxuya-oxuya Vaxtanqov Teatrında işləməyə başlayır ki, başı işə, təhsilə qarışsın. Təyinatla Kiçik Teatrın aktyoru olmalıykən, Taqankadakı teatrda işləməyə başlayan Şaşıqoğlu bir il keçməmiş orada darıxmağa başlayır.

Erməni qaynana

Amma bu bir il müddətində evlənməyə də vaxt tapmışdı. Qadın heyranlarının arasından seçdiyi qızın anası erməni idi. Olduqca qəşəng olan bu qız xüsusən baş rollarda oynayan aktyorun sevgisini qazana bilmişdi. Onun darıxmasının, yeni evləndiyi xanımından da ayrılmağının səbəbkarı erməni qaynanası oldu. Nodar Şaşıqoğlu evini xanımına verib, ailədən də, işdən də ayrıldı.

Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb.

Taqanka teatrında işlədiyi vaxtlardan artıq kinolara çəkilməyə başlamışdı. Məşhur kinorejissor Sergey Yutkeviç ilk dəfə onu "Böyük döyüşçü İsgəndər bəy" adlanan filmində Sultan Mehmet roluna çəkdi.

Özü də əvvəlcə aktyordan soruşub ki, türk sultanını oynaya bilərsən? Nodar Şaşıqoğlu - "Mənim əcdadlarım türk olub", - deyib.

Film çəkilişindən sonra teatrın qapıları onun üzünə bağlandı - o vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və Nodar Şaşıqoğlu yenidən Taqankaya dəvət olundu.

Əlvida, Moskva... Salam, Bakı

Həmin vaxt Bakıdan kinorejissor Rəşid Atamalıbəyov Taqankadakı tamaşalara baxmaq üçün gedibmiş. Tamaşadan sonra Nodar Şaşıqoğlu ilə görüşən rejissor ona əsl tapıntı olduğunu deyib. Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı Mehdi Hüseynzadə rolu üçün tapıntı.

Rəşid Atamalıbəyov Mixaylo haqda çəkiləcək filmin ikinci rejissoru idi.