“Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək


Digərləri 04 Apr 2020 16:09:00 452 0

“Biz birlikdə güclüyük” mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək

Aprelin 5-də Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən "Biz birlikdə güclüyük" mövzusunda onlayn respublika rəsm müsabiqəsinə start veriləcək.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, 5-30 aprel tarixlərini əhatə edən müsabiqənin Bakı şəhəri və respublikanın digər regionlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında onlayn qaydada keçirilməsi nəzərdə tutulur.

Rəsm müsabiqəsinin təşkilində əsas məqsəd məktəblilərin ölkə başçısının "Biz birlikdə güclüyük!" şüarına dəstək olmaq, ölkəmizdə yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtını səmərəli və faydalı təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək və istedadlı uşaqları üzə çıxarmaqdan ibarətdir.

3 mərhələdən ibarət müsabiqə üç yaş qrupu üzrə (5-7, 8-10 və 11-14 yaş kateqoriyası) təşkil olunur. Hər iştirakçı müsabiqəyə yalnız bir rəsm işi ilə qatıla bilər. Müsabiqəyə təqdim edilən iş A-4 formatında müxtəlif texnikada (flomaster, quaş, sulu boya, pastel, yağlı boya) işlənə bilər. Rəsmin aşağı sağ küncündə müəllifin adı və soyadı, yaşı, əsərin adı, eyni zamanda təmsil olunduğu müəssisənin və rayonun (şəhərin) adı yazılmalıdır.

Rəsm işləri müsabiqə iştirakçıları (valideyn və ya qanuni nümayəndə) tərəfindən +994 50 277 35 55 mobil nömrəsində qeydə alınmış "Whatsapp" sosial şəbəkəsi vasitəsilə (şəkil formatında) və [email protected] elektron ünvana aprelin 26-dək göndərilə bilər. Rəsm işlərinin aydın görünüşdə olması nəzərə alınmalıdır.