“Atamı şair kimi ölümündən sonra anladım”


Kriminal 04 Apr 2020 15:30:00 181 0

“Atamı şair kimi ölümündən sonra anladım”

Son.az Modern.az-a istinadən "Məşhurların övladları" layihəsini təqdim edir.

Bu dəfəki həmsöhbətimiz Azərbaycan gəncliyinin bu gün də sevilən sevgi şairi Nüsrət Kəsəmənlinin oğlu Reşat Kəsəmənlidir.

Arayış: Reşat Nüsrət oğlu Kəsəmənli 1975-ci il iyulun 20-si Bakı şəhərində anadan olub. 1982-1992-ci illər ərzində  əvvəlcə 95 saylı, daha sonra 173 saylı orta məktəbdə təhsil alıb. O, 1992-ci ildə orta təhsilini bitirərək, Təfəkkür universitetinin "Beynəlxalq hüquq" fakültəsinə daxil olub. Burada bir il təhsil alandan sonra, könüllü olaraq ordu sıralarına yazılıb. Lakin geri dönərkən yarımçıq qalan hüquq təhsilini davam etdirməyərək, səndlərini ADMİU-nin aktyorluq fakültəsinə verib. Aktyorluq sənətinin sirlərini isə  Xalq artisti Azərpaşa Nemətovdan alıb. Reşatın ilk uğuru 1999-cu ildə Xalq artisti Nazpəri Dostəliyevanın "Mənim göz yaşımı görməyəcəksən" adlı mahnıya çəkilmiş klipdən başlayıb. Bu kliplə ulduzu parlayan Reşat bir çox film və seriallara dəvət alıb. Ailəlidir 3 övladı var.

- Reşat bəy, məşhur övladı olmaq necə bir hissdir?

- Mən şəxsən atamla fəxr edirəm. Bu tək onun şairliyi ilə bağlı deyil, müsbət insani xarakterə sahib olmaq keyfiyyətindən də irəli gəlir. Hansı bir məclisə düşsəm hər kəs onun gözəl bir şair olduğundan çox, əsl kişi  xarakterinə sahib olduğunu söyləyir. Bu artıq mənim üçün böyük bir qürur mənbəyidir. Mən hər zaman qürur hissi keçirmişəm və belə də davam edəcəm. Lakin hər şey təəssüf ki, kənardan göründüyü kimi deyil.

- Niyə?

- Qıraqdan baxanlar elə bilirlər ki, məşhur övladıdır, bütün qapılar üzünə açıq olacaq. İnanın ki, çox qapılar üzümə bağlı vəziyyətdədir.  Ola bilər ki, bu sizə təəccüblü gəlsin, ancaq reallıq budur. Bu vəziyyətə artıq ətrafımdakılar da alışıb, yəni onlara təəccüblü gəlmir.

- Hər kəs atanızı sevgi şairi adlandırır. Poeziyasında da daha çox sevgi şeirləri üstünlük təşkil edir. Kədər motivi isə danılmaz bir faktdır. Sizcə bu yanğına səbəb nə idi?

- Heç bir şey. Bilirsiniz hamı elə bilir ki, şair şeirlərində öz həyatını vəsf edir. Bütün tarix boyu şairlərin şeirlərinə nəzər salsaq görərik ki, yalnız 20 faiz onun həyatını  əks etdirir. Şairi digərlərindən fərqləndirən əsas cəhət bilirsiniz nədir? O başqalarının həyatındakı dərdi-kədəri də, ən az o insan qədər mənimsəyib vərəqə köçürə bilir. İndi o sevgidən yazırsa, bu o demək deyil ki, ömrünün axırına qədər 50 nəfəri sevməlidir. Şair sadəcə olaraq hər sevəni anlaya bilir. Bir sevən sizə dərdini danışar və siz ona acıya bilərsiniz. Ancaq şair həmin insana çevrilib, onun çəkdiyini çəkər. Əslində bu sualı mənə çox verirlər ki, atanız niyə dərddən-kədərdən daha çox yazır. Hər dəfə cavabım da bu olub ki, sevincini bölməyə insanın elə də ehtiyacı olmur. Hansı şən üslubda yazılmış şeir daha çox populyar olur? Diqqət etsəniz görərsiniz ki, ayrılıq-kədər motivli şeirlər daha çox populyarlıq qazanır. İnsanların ruhu belə şeirlərə daha çox yaxın olur.

- Nüsrət Kəsəmənli adı sizə ən çox nəyi xatırladır?

- Təbii ki, ilk olaraq atamla keçirdiyim uşaqlıq xatirələrim yada düşür. Atam rəhmətə gedənə qədər, mənim ən böyük ehtiyacım bir övladın ataya olan ehtiyacı olub. Mən onu həmişə ata olaraq görmüşəm, ancaq onu şair kimi ölümündən sonra anladım.  Bilirdim məşhur idi, ancaq bu hələ mənə maraqlı deyildi, deyirdim o mənim atamdır. Mənə onun atalığı vacib idi, gələndə onunla birlikdə vaxt keçirmək, əylənmək daha çox önəmli idi. Ancaq o öləndən sonra dərk etdim ki, bütün diqqət və qayğı mənim üzərimə köklənib.

- Hansı məqamda dərk etdiniz?

- O zaman da dərk etdim ki, insanlar mənə yaxınlaşıb təşəkkürlərini bildirirdilər. Hansı ki, atam həmin insanlara vaxtilə nə qədər yardım edib. İnanın bizim xəbərimiz olmayıb. Hətta neçə şəhid ailəsinə təmannasız olaraq aylıq maaş kəsdirib. Hazırda bir neçə vəzifədə olanlar var ki, onların işə girməyində bilavasitə atamın rolu olub. Yəni saymaqla bitməz bu yaxşılıqlar. Mənim təssüf etdiyim məqam odur ki, atamın bu qədər etdiyi yaxşılıqları görməzdən gəlirlər. Həmin insanların heç biri məni tanımır. Bir təsəlli tapıram, bütün bunları atamın şəxsiyyətinə bağışlayıram. Bu atamın böyüklüyü, o da onların insanlığı...

- Hazırda ölkədə yetəri qədər tanınan simalardansınız. Bizə maraqlıdır Reşat bəy necə bir xarakterə malikdir?

- Həddindən artıq kövrək insanam. Hətta deyərdim ki, uşaq qədər kövrəyəm. Kövrək olduğum qədər də, sərt biriyəm. Təbii ki, bu da qarşımda olan insanla bağlı olur. Kim mənə qarşı necədirsə, mən onun 5 qatını özünə qaytarıram. Əgər qarşımdakı həssas və kövrəkdirsə, inanın mən ondan betər kövrək oluram, hətta uşaq qədər oturub ağalaya biləcək bir xarakterə sahibəm. Bunu gizli yox, cəmiyyət içərisində də edə bilərəm, heç nədən çəkinmədən və utanmadan.

- Həm də çox əsəbisiniz...

- Bəli çox əsəbiyəm. Əsəbi olmağımın da əsas səbəbi haqsızlıqla barışmamağımdır. Məni tanıyan hər kəs bilir ki, doğmam olsam belə yenə də deyirəm ki, sən bu məqamda haqsızsan. Hətta çoxları mənə deyir ki, bu bir qəddarlıqdır. Düşünürəm bu bir qəddarlığın carçısı deyil. Mən qohum-əqraba saymıram, əgər bu işi yad daha yaxşı yerinə yetirəcəksə, niyə qohumumu irəli çəkim ki? Bu haqsızlıq deyilmi? Yəni mənə yad, ya qohum fərq eləmir. Hətta buna görə məni qınayanlar da olur ki, niyə qohuma əl uzatmırsan. Əl uzadım, amma sən o işi nə dərəcədə layiqli yerinə yetirəcəksən. Təəssüf ki, qarşıma həmişə paxıllar çıxır. Lakin o paxılları ifşa edəcək qədər də cəsarətliyəm. Həm də çox kinli biriyəm.