“Samsung” mayekristal ekranlar bazarını tərk edəcək


Digərləri 04 Apr 2020 08:31:00 106 0

“Samsung” mayekristal ekranlar bazarını tərk edəcək

"Samsung Electronics" şirkəti maye-kristal ekranların (LCD) istehsalını tam dayandırmaq qərarına gəlib. Cənubi Koreya istehsalçısı diqqəti texnoloji baxımdan daha mütərəqqi ekranlara yönəltmək niyyətindədir.

Son.az ictnews.az-a istinadən bildirir ki, şirkətin ekranların hazırlanmasında ixtisaslaşan törəməsi "Samsung Display" nümayəndəsinin sözlərinə görə, 2020-ci ilin sonunadək Cənubi Koreya və Çində yerləşən zavodlarda "LCD" displeylərin istehsalı dayandırılacaq.

Bildirilir ki, "Samsung Display" şirkətinin Çində maye-kristal ekranların buraxılışı üzrə iki zavodu, Cənubi Koreyada isə müəssisələrdə iki istehsal xətti fəaliyyət göstərir. Bu xətlərdən biri yaxın beş ildə kvant piksellər əsasında ekranların (QLED) kütləvi buraxılışına başlayacaq. Çindəki zavodların gələcək fəaliyyəti ilə bağlı planlar isə hələ ki məlum deyil.

Cənubi Koreyanın Asan şəhərində yerləşən "Samsung Display" müəssisəsində "QD-OLED" ekranların buraxılışı üzrə yeni istehsal xəttinin işə salınması planlaşdırılır. 2021-ci ildə istifadəyə veriləcək müəssisədə hər ay 65 və daha böyük düym diaqonallı panellərin buraxılışı nəzərdə tutulur.