Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub


Digərləri 04 Apr 2020 08:21:00 124 0

Məşhur şirkətlər “MANRS” təşəbbüsünə qoşulub

"Mutually Agreed Norms for Routing Security" (MANRS - "Qarşılıqlı razılaşdırılmış marşrutlaşdırma təhlükəsizliyi normaları") təşəbbüsü "Content Delivery Network (CDN) and Cloud Program" adlı proqram təqdim edib. Kontent çatdırılması şəbəkəsi (CDN) və "bulud" hesablamaları üçün nəzərdə tutulan proqramın məqsədi böyük internet mərkəzlərini marşrutlaşdırma ilə bağlı yayılmış problemlərdən qorumağa kömək etməkdən ibarətdir.

Son.az ictnews.az-a istinadən bildirir ki, internet trafikinin marşrutlaşdırılması prosesi zamanı yaranan sistem təhlükəsizlik problemləri onu təsadüfi nasazlıqlar, hücum və ya boşluqlar üçün həssas edir. Birgə səylər sayəsində "MANRS" kritik düzəlişlər vasitəsilə internet marşrutlaşdırma sistemləri üçün daha çox yayılmış təhlükələrin azaldılmasına nail olmağa kömək edir. Başqa sözlə, internetin təhlükəsizliyi marşrutlaşdırmanın təhlükəsizliyindən asılıdır.

İnternet cəmiyyətinin marşrutlaşdırmanın təhlükəsizliyinin yüksəldilməsinə yönələn səylərinə bir sıra böyük texnoloji şirkətlər dəstək nümayiş etdirib. Məsələn, "Amazon", "Google", "Facebook", "Microsoft", "Akamai" və "Netflix" şirkətləri "MANRS" təşəbbüsünə qoşularaq kontent çatdırılması şəbəkəsi (CDN) provayderləri və "bulud" provayderləri (CP) qismində çıxış edirlər.

Bildirilir ki, "Azion" və "Cloudflare" şirkətləri də 300-dən çox təşkilatın daxil olduğu "MANRS" təşəbbüsünə üzv olub.