Çin COVID19 qurbanlarının xatirəsini yad edib


Dünya 04 Apr 2020 08:12:00 94 0

Çin COVID19 qurbanlarının xatirəsini yad edib

Aprelin 4-ü Çində yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin və onları xilas edərkən həyatını qurban verənlərin xatirəsi ilə bağlı ümumxalq hüzn günü elan olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yerli vaxtla səhər saat 10-da (Bakı vaxtı ilə saat 6:00) ölkə ərazisində və Çinin xaricdəki diplomatik nümayəndəliklərində pandemiya qurbanlarının xatirəsi üç dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib. Dövlət bayraqları endirilib. Paytaxt Pekində və müxtəlif yerlərdə anım mərasimləri keçirilib. Mərasimlərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin başda olmaqla, rəsmi şəxslər də iştirak edib.

Aprelin 4-ə nəzərdə tutulan bütün əyləncə tədbirləri ləğv olunub. Qeyd edək ki, yazda gündüzlə gecənin bərabərləşdiyi gündən 15 gün sonra qeyd olunan əcdadların, ölmüş yaxın adamların anımı ilə bağlı olan Çinmin mərasimi də bu il aprelin 4-ə təsadüf edir.

Rəsmi statistikaya görə, ötən ilin dekabrında Uxan şəhərində aşkarlanan yeni növ koronavirusdan indiyədək Çində 3326 nəfər ölüb. Ölənlər arasında COVID-19 xəstələrini müalicə edən 12 tibb işçisi, habelə xidməti vəzifəsini yerinə yetirərkən virusa yoluxmuş polis əməkdaşı və evlər idarəsinin işçisi də var.