Bu uşaqlarla iş zamanı əvvəlcə əlgöz kontaktının yaradılması vacibdir
Digərləri 03 Apr 2020 23:20:00 126 0
Autizm üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə mane olan, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafını ləngidən bir sindromdur. Həmin sindromdan əziyyət çəkən şəxslər öz emosiyalarını göstərə bilmir, fikirlərini ifadə etməkdə, sosiallaşmada bir sıra çətinliklərlə rastlaşırlar. Əksər hallarda onlarda mimika və jestlərin yaşanan hadisələrlə üst-üstə düşməməsi müşahidə edilir, nitq tembri balanslı olmur.
Autizm sindromunun əlamətlərini erkən yaş dövründə müşahidə etmək olar. Məsələn, sindrom özünü göz kontaktının olmaması, uşağın yönəlmiş nitqə reaksiya verməməsi, onlarla təmasda olarkən nümayiş etdirilən emosiyaları cavabsız qoyması, çox az halda onları təkrarlaması kimi əlamətlərlə göstərir. Bunun başlıca səbəbi autizm sindromlu şəxslərdə güzgü neyronlarının bir o qədər inkişaf etməməsidir.
Son.az bildirir ki, bu barədə AZƏRTAC-a psixoloq Günel Paşayeva məlumat verib.
Psixoloqun sözlərinə görə, inkişafın başlıca səbəblərindən biri də təlqin prosesidir. Ona görə də autizm sindromlu uşaqla iş zamanı ilk növbədə əl-göz kontaktının yaradılması vacibdir ki, o, ətrafda gördüklərini təlqin edərək inkişaf etsin. Daha sonra komandaların öyrədilməsi təlim-tədris prosesində başlıca yer tutmalıdır ki, onlara verilən tapşırıqları yerinə yetirə bilsinlər.
"Autizmli uşaqlarla işləmək üçün bir çox metod və terapiya növləri var. Bunlara PECS terapiya - şəkillərlə ünsiyyət bacarığının öyrədilməsi, ABA terapiya - tətbiqi davranış analizi, art terapiya (qum terapiyası, rəsm terapiyası və s.), medikamentoz müalicə və s. aiddir.
Həmçinin bir sıra korreksiyaedici tapşırıqlar mövcuddur. Ev şəraitində işləyəcək valideynlərə uşaqla onların hər ikisinin eyni vaxtda iş aparması tövsiyə olunur. Məsələn, valideynlərdən biri iki əşyanı bir-birinə vurmağı nümayiş etdirərək uşaqdan bunu təkrarlamağı istəyə bilər. Lakin uşaq bu tapşırığı yerinə yetirməkdə çətinlik çəkdiyi halda digər valideyn onun əlindən tutaraq eyni ləvazimatları masadan götürməyə yardımçı olmalı və digərinin köməyi ilə bir-birinə vurmağa çalışmalıdır ki, uşaq təlqin etməyi öyrənsin.