Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib


Digərləri 03 Apr 2020 22:04:00 141 0

Mədəniyyət Nazirliyi fəaliyyətini karantin rejiminə uyğun tənzimləyib

Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi karantin rejimi ilə bağlı qərara uyğun olaraq tənzimlənir.

Son.az bildirir ki, bununla bağlı Mədəniyyət Nazirliyinin Aparatında məsul şəxslərin və əməkdaşların növbətçilik qrafiki üzrə iş rejimi həyata keçirilir. Eyni zamanda, Nazirliyin Aparatında, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional idarələrində, eləcə də aparıcı mədəniyyət müəssisələrində 30 mart tarixindən etibarən videokonfans rejimində fəaliyyət davam etdirilir. Həmçinin, sosial izolyasiya və karantin rejimi ilə bağlı fəaliyyətini müvəqqəti dayandırmış müəssisə və təşkilatların əməkdaşlarının evdən distant iş formasında işləməsi təmin edilib.

Mədəniyyət Nazirliyi, eyni zamanda mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir.

Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır. MN-nin təşəbbüsü ilə başladılan "Evdə qal, evdə yarat" kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir.

Nazirlik və Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı tərəfindən "Bizi birləşdirən mədəniyyət" adlı telelelayihələr həyata keçirilir. Aprelin 1-dən televiziya ilə gündəlik musiqi dərsləri, Beynəlxalq Muğam Mərkəzindən tanınmış ifaçıların iştirakı ilə canlı konsert proqramlarının yayımı başlanıb. Layihə çərçivəsində uşaqlar üçün kukla, böyüklər üçün mono tamaşaların nümayişi də nəzərdə tutulur.

Martın 27-dən etibarən ölkəmizin bütün televiziya kanallarında "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı birgə layihələr də hazırlanır.