Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi


Digərləri 03 Apr 2020 15:27:00 98 0

Azərbaycanın jurnalist təşkilatı Ermənistan jurnalistlərinə müraciət etdi

Azərbaycan Parlament Jurnalistlər Birliyi Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib.

Son.az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:

"Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil.

Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə müraciət edirik. Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 27-ci ildönümü tamam oldu.

1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildi,60 minə yaxın azərbaycanlı öz evindən köçkün düşdü, yüzlərlə mülkü şəxs ya girov götürüldü, ya da öz evində öldürüldü. Məhz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair ilk qətnaməsi (1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamə) Kəlbəcər rayonunun işğalını qəti şəkildə pisləyir, ərazinin işğalçı qüvvələr tərəfindən dərhal azad olunmasını tələb edirdi. Təəssüf ki, Ermənistan bu sülh çağırışlarına məhəl qoymadı və nəticə göz önündədir... Ermənistan tək Kəlbəcəri deyil, Azərbaycanın Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazaxda, Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar evlərindən didərgin salınıb, girov götürülüb, qətlə yetirilib. Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır. Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı? Yalnız bizim təşkilatda həmin bölgələrdən olan onlarla jurnalist var.

Biz də, siz də Cənubi Qafqazada yaşayırıq, burada insanlar nədən dostluq mühitində yaşamasınlar?

Ermənistanın yürütdüyü siyasət regionda insanların əmin-amanlığını pozub, bölgə on illərdir qan içindədir.