Fəaliyyətinə icazə verilən şəxslərin avtomobillə sərnişin daşıması qadağan olunacaq


Digərləri 03 Apr 2020 12:24:00 117 0

Fəaliyyətinə icazə verilən şəxslərin avtomobillə sərnişin daşıması qadağan olunacaq

"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən fəaliyyətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron ərazisində işləyən şəxslər şəxsi avtomobilindən istifadə etsələr də, onların avtomobilində özlərindən başqa, icazəsi olmayan şəxs aşkarlanarsa cərimələnəcək:

"Xüsusi icazəsi olan şəxslər işə gedib gəlmək üçün şəxsi avtomobilindən o halda istifadə edə bilər ki, həmin avtomobildə işi olmayan başqa şəxsi daşımasın. Yəni avtomobildə onun ailə üzvü və ya küçəyə çıxmağa xüsusi icazəsi olmayan şəxs aşkarlanarsa, bu barədə qanunvericiliyə uyğun tədbir görüləcək. Avtomobil sahibinin yalnız özünün hərəkətinə icazə verilir".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.