Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”


Digərləri 02 Apr 2020 15:58:00 125 0

Abbas İbrahimov: “Hökumət dəstək proqramları ilə sağlam və dayanıqlı iqtisadiyyat formalaşdırır”

Dünyanı bürümüş COVID-19 koronavirus infeksiyası, demək olar ki, bütün ölkələrdə iqtisadi fəallığı aşağı salıb. Bəs iqtisadiyyatın mərkəzində qərar tutan bank sektoru bu vəziyyətdən necə çıxacaq?

Suallarımızı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov cavablandırır:  

- Abbas müəllim, yaranmış son vəziyyət bankların fəaliyyətinə öz təsirlərini necə hiss etdirir?

- Bir tərəfdən, COVID-19 pandemiyası, digər tərəfdən də neftin qiymətinin ucuzlaşması nəticəsində ümumən dünya iqtisadiyyatında yeni bir dövr başlanıb. Azərbaycan iqtisadiyyatı da beynəlxalq iqtisadiyyatın bir hissəsidir, üstəlik, neft ixrac edən ölkə kimi bizim üçün neftin qiyməti əhəmiyyətli rol oynayır. Ona görə iqtisadiyyatın müxtəlif seqmentləri, o cümlədən bank sektoru üçün müəyyən risklər ortaya çıxır.

Bununla belə, vəziyyət adekvat şəkildə idarə olunmaqdadır. Azərbaycan hökuməti son prosesləri kifayət qədər hazırlıqlı qarşıladı və mümkün risklərin minimallaşdırılması üçün müvafiq tədbirlər görülür.

Bildiyiniz kimi, hələ martın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qlobal məkanda baş verən son proseslərin ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən lazımi vəsait ayrılıb.

Artıq iqtisadiyyatın müxtəlif seqmentlərinə dövlət dəstəyi üçün hazırlanan proqramlar barədə mətbuata və cəmiyyətə açıqlamalar verilib. Proqramların maliyyə həcmi - 2,5 milyard manatdır, bu da iqtisadiyyatın həcmi ilə müqayisədə MDB məkanında və  regionda dövlətin yaranmış yeni şəraitlə bağlı ölkə iqtisadiyyatına ən böyük dəstək paketidir.

Proqramlar hazırlanarkən fəaliyyət sahələrinin təsnifləşdirilməsi, yəni ən çox zərər çəkmiş sahələr, mənfi təsirə əhəmiyyətli dərəcədə məruz qalmış sahələr, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış sahələrin müəyyən edilməsi də məsələyə yüksək peşəkarlıqla yanaşmanın, hər bir detalın nəzərə alınmasının göstəricisidir.

- Bildiyimiz qədər bu proqramların bir qismi sırf bank sektoru ilə əlaqədardır...

- Bəli, proqramlardan bəziləri məhz bank sektoru ilə əlaqədardır. Bunlardan biri pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə dəstəkdir. İndiki şəraitdə bu sahibkarların ödəniş yükünün yüngülləşdirilməsi və kredit portfellərinin keyfiyyətinin qorunub saxlanması çox mühümdür. Təbii ki, bu məsələdə xüsusi meyarlar tətbiq ediləcək. İndiyədək intizamlı ödəyici olan sahibkarların mövcud faiz yükünün böyük bir hissəsinin, 10% bəndinin subsidiyalaşdırılması və Sahibkarlığın İnkişafı Fondu vasitəsilə dövlət tərəfindən ödənilməsi onlar üçün böyük bir dəstək olacaq.

Bank sektoru ilə bağlı digər önəmli proqram isə yenə bu sahələrdə fəaliyyət göstərən sahibkarlara yeni verilmiş kreditləri əhatə edir. Burada dövlətin ikili dəstəyi var. Yəni dövlət həm yeni ayrılmış kreditlərin 60%-ə zəmanət verir, həm də yenə bu kreditlərin faizlərinin yarısını, maksimal 7.5% bəndinədək hissəsini subsidiyalaşdırır.  Bu isə o deməkdir ki, dövlət həm real sektorun, zərər görmüş sahibkarların böhrandan sürətlə çıxmasına şərait yaradır, həm də bankların fəaliyyətində risklərin minimallaşmasına, sektorda canlanmaya dəstək verir.

Bir sözlə, Azərbaycan dövləti hər zaman olduğu kimi, yenə də öz vətəndaşlarının, iş adamlarının yanındadır. Onlara dəstək olmaq üçün zəruri iqtisadi və maliyyə resurslarına malikdir. Ümid edirik ki, həm dünya, həm Azərbaycan iqtisadiyyatı görülən tədbirlər sayəsində tezliklə bu sınaqdan da çıxacaq.

- Dövlət ipoteka kreditləri ilə bağlı da müəyyən tədbirlər planlaşdırır. Bu tədbirlər ipoteka bazarında nələri dəyişəcək, Azərbaycan Beynəlxalq Bankının bu istiqamətdə planları nədir?