"Qaydalara əməl edilsə, Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər"


Digərləri 02 Apr 2020 13:14:54 86 0

"Qaydalara əməl edilsə, Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər"

Əgər riyazi düşünsək, qaydalara əməl etsək, iki həftədən sonra Azərbaycanda vəziyyət müsbətə doğru dəyişə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib: "Amma son 3 gün ərzində ölkədə xüsusi karantin qəbul olunandan sonra olan vəziyyət göstərir ki, vətəndaşlar qaydalara əməl etmir. Buna görə də vəziyyət yaxşılığa doğru dəyişmir".

İ.Məmmədov bildirib ki, vətəndaşlara dəymiş ziyanın yüngülləşdirilməsi üçün yaxın günlərdə qərar qəbul olunacaq: "Aztəminatlı əhaliyə, ailələrə yardım oluna bilər. Bundan başqa, sahibkarlara dəymiş ziyan da yüngülləşdirilə bilər. Amma hələ ki, bu yardımın məbləği müəyyən edilməyib".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.