Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr


Digərləri 02 Apr 2020 10:35:00 99 0

Koronovirusla bağlı xərçəng xəstələrinə onkoloji tövsiyələr

Dünyada koronavirusa (SARS-CoV-2) yoluxan xəstələrin sayı hər keçən gün ərzində eksponensial şəkildə sürətlə  artır. Con Hopkins Universitetinin dünən (31 mart 2020-ci il) açıqladığı məlumatda bu virusa yoluxanların sayının artıq 800.000 nəfərdən çox olduğu  bildirildi (www.coronavirus.jhu.edu).

Təbii ki, müxtəlif tipli ürək-damar və hipertonik xəstəliklərinin  daşıyıcıları olan insanlar kimi, onkoloji xəstəliklərdən əziyyət çəkən xəstələr koronavirusun bu artım dinamikasından çox narahatdırlar və pandemiyadan maksimum qorunmaq üçün tez-tez bu viral infeksiyanın onların xəstəliyinə təsiri haqqında müxtəlif suallar verirlər.

Bunları nəzərə alaraq, onkoloji xəstələrin məlumatlandırılması məqsədilə, onlar tərəfindən ən çox verilən suallara aydınlıq gətirmək istədik. Burada verəcəyimiz  məsləhətlər, həm dünyanın öndə gedən beynəlxalq onkoloji cəmiyyətlərinin bugünkü tibbi elmi məlumatları əsasında  Milli Onkologiya Mərkəzi (MOM)  və  AFR-in Frankfurt Universiteti xəstəxanasının onkoloji xəstələrə verdiyi tövsiyələrə, həm də praktik kliniki təcrübələrə əsaslanır.

Xəstəliyin pandemik xarakter daşıması və artıq hər birimizin həyatına sirayət etməsi, vətəndaşlarımızın bu xəstəlik haqqında müxtəlif informasiya vasitələrindən məlumat əldə etməsinə səbəb olmuşdur. Əvvəlcə qısa da olsa qeyd edək ki, COVID-19 (Coronavirus Disease 2019) yeni əmələ gəlmiş infeksion xəstəlikdir və bu xəstəliyin törədicisi olan koronavirus (SARS-CoV-2) damcı yolu ilə insandan insana yoluxa bilir. Bu respirator virus yüksək kontagiozluğa (yoluxdurma qabiliyyətinə) sahib olub, 2 metrdən az məsafədə olan digər insanlara rahat şəkildə yoluxa bilir. Xəstəliyin inkubasiya dövrü, yəni yoluxduqdan ilk klinik əlamətlərin meydana çıxmasına kimi keçən vaxt, təxminən 14 gündür, ortalama isə 6-7 gün çəkir (Li Q. et al. N Engl J Med. 2020).

COVID-19 xəstəliyinin əlamətləri adi bildiyimiz qrip virusu simptomlarına çox bənzəyir. Belə ki, bir qrup insanlarda çox yüngül formada keçdiyi halda, digərlərində daha ağır fəsadlara səbəb olur. Bu əlamətlərə burun axması, ümumi halsızlıq, öskürək, bəlğəm gəlməsi, temperaturun qalxması və təngnəfəslik aiddir. Ağır formalarda isə, virus aşagı tənəffüs sisteminin, xüsusən ağciyərlərin iltihabına səbəb olaraq, pnevmoniya və kəskin ağciyər çatışmazlığı kimi ağırlaşmalara gətirib çıxara bilir. Xəstəliyin diaqnozunun, burun-bogaz yaxması və ya bəlğəmdə virusun labarotoriyada PCR (Polymerase chain reaction)-  Polimeraz zəncirvari  reaksiya metodu ilə təsdiqi mümkündür. COVID-19-un xüsusən yaşlı, onkoloji, xroniki ürək, ağciyər və metabolik xəstəliyi olan insanlarda ağır gedişatını izləyirik.

Aşağıda onkoloji xəstələr tərəfindən bizə sıx-sıx ünvanlandırılan bir sıra suallara aydınlıq gətirməyə çalışacağıq:

Koronavirus pandemiyası dövründə onkoloji xəstələr yoluxmanın qarşısını almaq üçün hansı tədbirlər görməlidirlər?

- İlkin olaraq onu qeyd edək ki, onkoloji xəstələrin  Milli Onkologiya Mərkəzi (MOM) və  AFR-in Frankfurt Universiteti xəstəxanası kimi beynəlxalq və yerli səhiyyə strukturlarının verdiyi məsləhətlərə və profilaktik tədbirlərə ciddi şəkildə əməl etmələri tövsiyə olunur. Onkoloji xəstələr, xüsusən immun suppresiv müalicələr aldıqları müddətdə, karantin rejiminə ciddi riayət edərək mümkün qədər ev şəraitində izolyasiya olunmalıdırlar.

Bundan əlavə, planlı olan cərrahi əməliyyatlar mümkün qədər təxirə salınmalıdır. Kimya terapiya alan xəstələrdə yüksək temperatur izlənirsə, bu zaman qanda olan ağ qan hüceyrələrinin miqdarı və C-reaktiv zülal (CRP) səviyyəsi yoxlanılmalıdır. Əgər ağ qan hüceyrələrinin, xüsusən leykositlərin göstəriciləri norma daxilindədirsə, lakin CRP səviyyəsində yüksəliş görünürsə, onda böyük ehtimalla yüksəlmiş temperaturun səbəbi viral infeksiadır ki, o zaman COVID-19 testi verilməli və test nəticəsi məlum olana kimi xəstə izolyasiya olunmalıdır. Test nəticəsi müsbət çıxan xəstələr dərhal COVID-19 üçün nəzərdə tutulmuş xəstəxanalara köçürülməlidir ki, onkoloji mərkəzlərdə müalicə alan digər  xəstələrin koronavirusa yoluxmasının qarşısı alınsın.

Xəstəliyin ilkin əlamətləri ortaya çıxdıqda, xəstə telefon vasitəsilə həkimi və ya klinika ilə əlaqə saxlayıb, görüləcək tədbirlər haqqında məlumat ala bilər.  Bu zaman adi gigiyenik tədbirlərə diqqət edilməlidir . Buraya,  əsasən,  əllərin davamlı şəkildə dezinfeksiya olunması, qoruyucu maskaların taxılması, xəstəliyə yoluxmuş insanlardan və insanların çox toplandığı mühitlərdən uzaq durmaq və sosial əlaqələri mümkün qədər məhdudlaşdırmaq aiddir. Əgər onkoloji xəstələrdə paralel olaraq şəkərli diabet, arterial hipertoniya (yüksək təzyiq), ağciyər xəstəlikləri də mövcuddursa, bu halda xəstəliklərin klinik və laboratoriya göstəricilərinin dərmanlarla norma daxilində saxlanılmasına nəzarət edilməlidir. Bundan başqa, qida qəbuluna diqqət yetirilməli, xüsusilə də əgər D vitamini və dəmir çatışmazlığı varsa, dərman şəklində qəbul edilərək korreksiya edilməlidir. Gün ərzində xəstələrin hərəkətliliyi məhdudlaşmamalı, mümkün qədər yüngül idman növü ilə məşğul olmalı, ev şəraitində yüngül fizioterapiya və tənəffüs məşqləri edilməlidir. Siqareti tərgitməyin onkoloji xəstələr üzərində müsbət effektivliyi artıq dəfələrlə aparılan elmi araşdırmalarla sübut olunub. Xüsusilə, COVID-19 kimi yuxarı tənəffüs yollarının infeksiyası zamanı, siqaret çəkmək xüsusi risk faktoru rolunu oynayaraq, tərkibindəki nikotin tipli 100-dən artıq zərərli maddə tənəffüs yollarının normal funksiyasının pozulmasına gətirib çıxarır. Bu da tənəffüs yollarında müxtəlif mikroorqanizmlər tərəfindən xəstəliklərin əmələ gəlməsinə münbit şərait yaradır.

2. Onkoloji xəstələrin koronavirusa yoluxaraq COVID-19 xəstəliyini daha ağır formada keçirmə ehtimalı yüksəkdirmi?

- Ümumiyyətlə, yuxarı tənəffüs yollarının digər bilinən respirator virusları da, sağlam insanlarla  müqayisədə onkoloji xəstələrdə daha sıx-sıx ağırlaşmalar verərək, pnevmoniyalara və ölümə səbəb olur. Buna  səbəb isə  onkoloji xəstələrdə immun sistemi komponentlərinin infeksiya zamanı zəif  mobilizasiya olmasıdır. COVID-19 xəstəliyi yeni olduğundan, onkoloji xəstələrin koronavirusa yoluxma ehtimalının yüksək olduğu araşdırmalarla hələ ki təsdiqlənməsə də, belə bir ehtimal ekspertlər tərəfindən istisna edilmir.

Bir çox beynəlxalq onkoloji cəmiyyətlər, bilinən digər respirator viruslar üzərində olan təcrübələrə əsaslanaraq, xüsusən immun sistemi zəif olan xəstələri risk qrupuna aid edirlər.

Bu kateqoriyaya asağıdakı xəstəliklər və risk faktorları aiddir:

- 65 yaşdan yuxarı yaş qrupu;

- paralel mövcud olan xroniki ürək-damar, ağciyər və metabolik xəstəliklər (arterial hipertoniya, şəkərli diabet, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və s.);

- leykositopeniya (qanda leykositlərin azlığı);

- qanda aşağı immunqlobulin göstəriciləri;

- uzunmüddətli immun suppresiv dərmanların qəbulu (steriod ve antitellərin qəbulu); 

- hematoloji xərçənglər (leykemiya, limfoma və s.);