Koronavirus yalanları yayanlarla nə edək?


Digərləri 02 Apr 2020 10:00:00 119 0

Koronavirus yalanları yayanlarla nə edək?

COVİD-19 koronavirusu pandemiyasının dünya ölkələrində ən ciddi təhdidlərdən birinə çevrildiyi dönəmdə sosial şəbəkələrdə yalan, uydurma və feyk xəbərlər yayılır.

Əfsuslar olsun ki, Azərbaycanda da belədir.

Uydurma xəbərlər və məlumatların yayılması indi xüsusilə təhlükəlidir. Çünki sinirlərin tarıma çəkildiyi indiki dövrdə durumu daha da gərginləşdirə bilər.

Bu səbəbdən də sosial şəbəkələrdə yalan məlumatlar yayanlar, feyk tirajlayanlar, "Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayını gizlədirlər" tipli "açıqlamalar" paylaşanlar qanunlara uyğun olaraq cəzalarını almalıdır.

Tələblər, sadəcə, sosial şəbəkələrə yox, messencer proqramlara, forum və çatlara da şamil olunmalıdır.

Koronavirus pandemiyasının başlandığı Çində sosial şəbəkələrdə dezinformasiya yaymağın cəzası ağırdır. Belə ki, ölkə qanunvericiliyinə müvafiq əlavələrlə dəyişikliklər martın 2-də qüvvəyə minib. Artıq 425 çinli feyk məlumatlar yaymaqda və paylaşmaqda suçlanaraq cəzalanıblar.

COVİD-19 koronavirus pandemiyası ilə bağlı yanlış məlumatlar və dezinformasiya yaymağa görə cinayət məsuliyyəti tək Çində deyil. Məsələn, Özbəkistanda sosial şəbəkələrdə belə yalanlar yayanı 10 min dollaradək cərimə, 360 saatadək ictimai işlər və ya 3 ilədək həbs cəzası gözləyir.

Postsovet məkanının digər ölkələrində də təxminən analoji qərarlar qəbul olunub.

Moldovada martın 26-dan etibarən bütün kütləvi informasiya vasitələrinin nümayəndələrinə debatlar və tok-şoular zamanı koronavirusla bağlı mövqelərini bildirmək yasaqlanıb. Telekanalar yalnız rəsmi qurumların məlumatlarını yaymalıdır.

Ermənistanda qeyri-rəsmi mənbələrə istinadən koronavirusla bağlı məlumat yayanı 1626 dollar məbləğində cərimə gözləyir. Kütləvi informasiya vasitələri isə yanlış məlumat yayarsa, onu dərhal aradan qaldırmalıdır.

Postsovet ölkələrinin mediasında və sosial şəbəkələrdə koronavirusla bağlı yanlış, saxta və yalan məlumatların yayılmasını Avropa Birliyi də izləyir.

Rusiyanın yaydığı dezinformasiyaların qarşısını almaq üçün Avropa Birliyinin 2015-ci ilin aprelində yaratdığı Xarici Siyasət Xidməti saytında və sosial şəbəkələrdəki profillərində belə feyklər barədə operativ məlumatlar dərc edir.

Avropa Komissiyasında keçirilmiş xüsusi brifinqdə isə sözügdən strukturun əməkdaşları koronavirus pandemiyası şəraitində yanlış və feyk məlumatların yayılma intensivliyinin artdığını vurğulayıb. Bununla bağlı olaraq AB-nin Xarici Siyasət Xidməti koronavirusla bağlı dezinformasiyalarla mübarizə bölməsi yaradıb. Bu bölmədə pandemiya ilə bağlı faktlar və informasiyaları yoxlamaq imkanı var.

Eyni zamanda, axtarış sistemləri və sosial şəbəkə servisləri ilə müzakirələr aparılır, zərərli kontentin silinməsi, istifadəçilərin dəqiq və etibarlı mənbələrdən relavant informasiyalar əldə etmək imkanlarının artırılması yolları nəzərdə keçirilib.