Ən çox xəstənin öldüyü İtaliyanı koronavirusdan Napoleonun "möcüzəvi su"yu xilas edir?


Digərləri 01 Apr 2020 22:44:00 115 0

Ən çox xəstənin öldüyü İtaliyanı koronavirusdan Napoleonun "möcüzəvi su"yu xilas edir?

Koronavirusdan ən çox ölüm faktının qeydə alındığı İtaliyanın şimalındakı Piedmont bölgəsində yerləşən Montaldo Torinese qəsəbəsində infeksiya aşkarlanmayıb.

Son.az xəbər verir ki, qəsəbə sakinləri bu hadisəni möcüzəvi əfsanəvi su ilə əlaqələndirib.

Belə ki, hazırda 720 nəfərin yaşadığı qəsəbədəki quyudan çıxan suyun 1800-cü ildə bölgədə düşərgə quran Fransa generalı Napoleon Bonapartın əsgərlərini sətəlcəmdən xilas etdiyinə dair inam var. Məhz bunun sayəsində Bonapartın Avstriya qoşunları ilə apardığı Marenqo döyüşündə qalib gəldiyi rəvayəti dolaşır.

Qəsəbənin bələdiyyə sədri Serxio Qaiotti quyunun uzun illərdir ki, qapalı olduğunu, suyun sadəcə tarlaları suvarmaqda istifadə edildiyini bildirib. O, qəsəbədə koronavirusa rast gəlinməməsini təmiz hava və sağlam həyat kimi daha inandırıcı səbəblərə bağlayıb.

"Burada, demək olar ki, heç sənaye yoxdur. İnsanların çoxu sənətkarlıqla məşğul olur. Proses başlayandan bəri sakinlərin poçt qutularına təhlükəsizlikdə olmaq üçün nə etmələrinin vacib olduğundan bəhs edən xəbərdarlıqlar qoydum. Bütün ailələrə maska paylayan ilk kəndik. Hələ də maska paylamağa davam edirik", - sədr qeyd edib.