Pediatrinfeksionist: "Koronavirusun ən böyük problemi..."


Digərləri 01 Apr 2020 21:40:00 100 0

Pediatrinfeksionist: "Koronavirusun ən böyük problemi..."

Dünyanı cənginə alan koronavirus infeksiyası (COVID-19) getdikcə tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının koronavirusu pandemiya elan etməsi məsələnin nə qədər ciddi və mürəkkəb olduğunu göstərir. Hər gün dünya ölkələrindən qlobal epidemiyanın qurbanları, ona yoluxanlar barədə həyəcanlı xəbərlər gəlir.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, pediatr-infeksionist Aytən Ziyadova qlobal epidemiyanın üç nəticədən biri ilə yekunlaşacağını bildirib: "Birincisi, insanların əhəmiyyətli bir hissəsi immunitet qazanacaq və virus artıq yayılmayacaq. İkincisi, infeksiyaya qarşı peyvənd tapılacaq və bunun nəticəsində immunitet qazanılacaq. Nəhayət, virus mutasiyaya uğrayacaq və insandan insana keçmə qabiliyyətini itirəcək".

Uşaqların daha çox daşıyıcı olduğunu deyən pediatr-infeksionist əlavə edib: "Uşaqlar da artıq risk altındadır, çünki xroniki xəstəliyi olanlarda onun gedişi təhlükəli ola bilər. Koronavirusun ən böyük problemi onun çox sürətlə və rahat yayılmasıdır. Belə ki, bir insan ən azı 4-5 nəfəri yoluxdurur. Danışarkən, öskürərkən və asqırarkən damlacıqların içində olan virus yayılır və təxminən bir metrədək məsafəyə çatır. Ağır olduğu üçün səthlərin üzərinə enir. Bu zaman əllə həmin səthlərə və ya çirkli əşyalara toxunanda yoluxma baş verir. Bəzən yoluxma əllərə, üzə, gözə və buruna toxunmaqla yaranır. Əlləri tez-tez və ən azı 20 saniyə müddətində yumaqla həmin viruslardan uzaqlaşmaq olar.

Tibbi əlcəklərin istifadəsi zamanı təhlükəli virus plastik səthlərdə 8 saat qala bilər. Havada qalaraq yayılan virus deyil. Lakin danışarkən, öskürərkən və asqırarkən yayılan isə virusdur. Virusun inkubasiya dövrü 14 gündür".