Ukraynanın məşhur portalı koronavirus təşvişindən qorunmaq üçün Azərbaycanı nümunə göstərdi


Digərləri 01 Apr 2020 19:07:00 116 0

Ukraynanın məşhur portalı koronavirus təşvişindən qorunmaq üçün Azərbaycanı nümunə göstərdi

Ukraynanın Lb.ua portalı koronavirus təşvişindən insanları qorumaq üçün maraqlı araşdırma yazısı yayımlayıb. 

Son.az xəbər verir ki, məqalədə Ukraynanın atmalı olduğu addımlar üçün Azərbaycan nümunə göstərilib. 

Müəllifi Aleksandr Demçenko olan "Azərbaycan koronavirus təşvişindən necə yayındı? Ukrayna üçün dərs" başlıqlı məqalədən maraqlı məqamları təqdim edirik:

"...Mən, ümumiyyətlə, başa düşə bilmirəm ki, Ukrayna sərhədlərini niyə gec bağladı? Vətəndaşlarımız Çindən rahatlıqla Ukraynaya qayıda bildi. Burada dərhal üç sual meydana çıxır: girişdəki keyfiyyət yoxlanışı, karantini təmin etmək üçün lazımi infrastruktur və ukraynalıların ölkələrdən - koronavirus infeksiyası ocaqlarından qayıtmasının məqsədəuyğunluğu.

Bəs Azərbaycan nə etdi? Bakı xüsusi sistem yaratdı, xarici ölkələrdən gələn vətəndaşlar aeroportda tam yoxlanışdan keçirlər. İnsanlar da, təyyarələr də növbə gözləmir. Gələnlərin hamısı karantində saxlanılır. Bunun üçün dörd-beş ulduzlu hotellərdən istifadə edilir.

Vətəndaşlar bunun üçün pul ödəmirlər, bütün xərcləri dövlət qarşılayır. Bu hotellərdə karantində saxlanılan şəxslər daim həkim nəzarətində olurlar. Onlar xəstəxanalara getmirlər. 

Yeri gəlmişkən, "Formula-1" Qran-Prisi zamanı qonaqların qəbulu üçün nəzərdə tutulan olimpiya şəhərciyi də xaricdən gələn azərbaycanlıların karantində saxlanılması üçün istifadə edilir.

Başqa sözlə desək, bu insanlar evlərində qalmır, virusu yaxınlarına və ailə üzvlərinə ötürmür, karantin dövründə qadağan olunmuş müxtəlif tədbirlərdən uzaq olurlar. Bundan əlavə, ölkə daxilində ilk yoluxma hadisələri qeydə alındıqdan dərhal sonra karantin tətbiq olunub.

Bundan başqa, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb ki, qısa müddətdə bura yüz milyon manatdan çox vəsait toplanıb. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, ayrı-ayrı dövlət qurumları, təşkilatlar, ölkədəki özəl şirkətlər fonda ianələr ediblər.