Oqtay Şirəliyevin qızı: “Dediqodulara sərf olunan resurslara heyfim gəlir" MÜSAHİBƏ


Digərləri 01 Apr 2020 16:07:00 107 0

Oqtay Şirəliyevin qızı: “Dediqodulara sərf olunan resurslara heyfim gəlir"  MÜSAHİBƏ

Son.az Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyevin qızı, Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun professoru Nərmin Şirəliyevanın APA-ya müsahibəsini təqdim edir. 

- Nərmin xanım, Sizin haqqınızda Azərbaycan oxucusunda məlumat çox azdır. Azərbaycanın Səhiyyə nazirinin qızı olduğunuz və vaxtı ilə Moskva vilayətinin Mədəniyyət naziri, indi isə Moskva vilayətinin qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri olduğunuz məlumdur. Özünüz haqqınızda məlumat verməyinizi istərdim. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu (MQİMO) bitirdiyinizi və uzun müddət "Kultura" kanalında çalışdığınızı bilirik...

- Mən, MQİMO-nin beynəlxalq jurnalistika fakültəsini bitirmişəm. Hələ tələbəlik illərində "Kultura" qəzetində aktiv işləyib, digər nəşrlərdə də çap olunmuşam, TASS agentliyində təcrübə keçmişəm. İnstitutu bitirəndən sonra bir il "Kultura" qəzetində beynəlxalq şərhçi işləmişəm. 1997-ci ildə Rusiyanın görkəmli rejissoru Yevgeni Ginzburqla ailə həyatı qurmuşam. Elə həmin il "Kultura" kanalı yaradılıb və onun ilk rəhbəri o zaman beynəlxalq məzmunla dolu mədəniyyət sahəsində parlaq, ağıllı jurnalistikanı təcəssüm etdirən bir insan - Mixail Şvıdkoy olub. Gənc telekanalın komandasında mən də yer aldım. Bu, çox maraqlı idi. Televiziya gəncliyimin son dərəcə xoşbəxt bir vaxt olduğunu söyləyə bilərəm: bənzərsiz insanlarla görüşlər, bütün dünya üzrə maraqlı ezamiyyətlər, ilk studiya verilişlərim. "Xudsovet" proqramı ortaya çıxdı, studiyada müsahibə, proqramı həmkarlarımla birlikdə aparırdım. Lakin fikrimcə, reportyor işi gənclər üçündür. 40 yaşa yaxın başqa hansısa formata - müəllif, analitik jurnalistika, ya idarəçilik, ya da inzibati işə keçmək tələbatı yaranır. Bir qayda olaraq, bu, televiziyada çox fəal işləyən insanlarda olur. Mən, tədricən Moskva vilayətinin İctimai Palatasında işləməklə qubernator Andrey Vorobyovun komandasına qoşuldum və regional hökumətdə fəaliyyətimin yeni, heç də az maraqlı olmayan bir dövrü başladı.

- Jurnalistika sənətini özünüz seçmisiniz, yoxsa valideynləriniz istiqamət verib?

- Mənim humanitar elmlər sahəsində bacarığımın olduğu məlum idi. Məktəb vaxtı ən çox sevdiyim fənn ingilis dili olub. Dili asan qavramışdım, Avropa ədəbiyyatını həvəslə oxuyurdum. Tarix, dillər, ictimai elmlər-bütün bunlar mənim maraq dairəm idi. Yeri gəlmişkən, Bakıda 27 nömrəli ingilis dili təmayüllü məktəbi bitirmişəm. Əlbəttə ki, repetitorlarla məşğul olmuşam, lakin təhsil bazam mükəmməl olub. MQİMO-ya qəbul olunmaq ideyası olduqca məntiqli, jurnalistika fakültəsi isə yaradıcılıq sahəsindəki istəklərimə ən uyğunu idi. Paralel olaraq Bakıda Xarici Dillər İnstitutuna da imtahan verdim. Lakin MQİMO-ya beş imtahandan 24 bal toplayanda, qərar artıq qəbul olunmuşdu. 16 yaşımda MQİMO-ya qəbul olub, Moskvaya köçdüm. İndi 45 yaşım var. Artıq 30 ildir, Rusiyada yaşayıb, fəaliyyət göstərirəm.

- Bugünkü Azərbaycan jurnalistikası ilə tanışsızmı? Müasir Rusiya jurnalistikası ilə müqayisədə nə deyə bilərsiniz?

- Azərbaycan jurnalistikası ilə yaxşı tanış olduğumu deyə bilmərəm, axı, mən Rusiyada yaşayıram, işləyirəm. Bununla belə, mənə elə gəlir ki, hamının problemləri eynidir: jurnalistikanın ümumi səviyyəsi düşüb, çoxlu sarılıq, səriştəsizlik, yoxlanılmamış faktlar, açıq yalanlar. Artıq bir neçə ildir ki, MQİMO-nun professoruyam, öz jurnalistika fakültəmdə dərs deyirəm və çox çalışıram ki, övladlarım - tələbələri başqa cür adlandıra bilmirəm, onları bu şəkildə qəbul edirəm, oğlumla eyni yaşadırlar - seçdikləri peşəyə ciddi və məsuliyyətlə yanaşsınlar. Mənim bu gün boş dedi-qodulara, qeybətlərə, mənasız söhbətlərə xərclənən resurslara-virtual saatlara və ya adi kağızlara heyfim gəlir. Jurnalistika öz maarifçilik funksiyasını itirir. Bu, çox qorxuludur.

- Siz Rusiyanın media məkanında çalışmış, barmaqla sayılacaq azərbaycanlı jurnalistlərdən birisiniz. Niyə Rusiya mediasında fəaliyyətinizi davam etdirmədiniz? Nəzərə alaq ki, Azərbaycana düşmən olan ölkənin, Ermənistanın nümayəndələri Rusiyanın media sahəsini, belə desək, zəbt ediblər.

- Bu sual çox sadəlövh səslənir, eləcə də cavab verəcəyəm. Bilmirəm, orada kim nəyi zəbt edib, - ümumiyyətlə, "sui-qəsd nəzəriyyəsi"nin tərəfdarı deyiləm, - bu gün "şəxsi heç nə, sadəcə biznes" əsas qanundur, yaxşı satılan qazanır. "Yerlibazlıq" prinsipi peşəkar mühitdə işləmir. Heç işləmir. Ən azı 25 illik professional həyatım boyu bir dəfə də olsun kiminsə nəyisə istisnasız olaraq əslən haradan olmasına və ya mənşəyinə görə aldığını görməmişəm. Düzünü deyim, mən özüm də həyatımda bir çobanyastığı çiçəyini belə hədiyyə almamışam. Əlbəttə ki, bunu obrazlı şəkildə deyirəm. Taleyimdəki bütün çobanyastığı, qızılgül və səhlab çiçəyi işimə göstərdiyim zəhmətkeş, ciddi və vicdanlı münasibətlə qazanılıb. İndi yadıma salmaq istəyirəm ki, bu barədə nəsə bu cür bir şeyi xatırlayım, alınmır, çünki yoxdur. Bizim bir televiziya layihəmiz vardı. Bu barədə Sergey Bezrukovla (Rusiyanın Xalq artisti - red.) zarafatlaşırdıq ki, layihə ilə bağlı Timur Vanşteynə (Rusiyanın NTV kanalının baş prodüseri) deyək, axı o, bakılıdır, mənimlə dialoqa gedəcək. Bildiyim qədər Sergey onunla danışıb və bu məsələ heç nə ilə bitib, görüş baş tutmayıb. Sualınızın məntiqinə görə, bu ona görə baş tutmayıb ki, NTV Keosayanın (Tiqran Keosayan - milliyyətcə erməni, rusiyalı kinorejissor - red.) ərazisidir? Əlbəttə ki, yox. Bütün bunlar çox ciddi biznesdir. Rusiyada yaşayan və işləyənlərin heç biri öz professional qərarlarını digər ölkənin, hətta doğulduğu doğma ölkəsinin siyasi reallıqları ilə əlaqələndirmir. Buna, sadəcə olaraq, heç kəs imkan verməz, həmin adam dərhal işini itirər.