Hədislərdə vəhdətə çağırış


Digərləri 31 Mar 2020 23:50:00 150 0

Hədislərdə vəhdətə çağırış

Həzrət Məhəmməd Peyğəmbər (s) Məkkədən Mədinəyə köçdükdən sonra həyata keçirdiyi ilk tədbirlərdən biri müsəlmanlar arasında qardaşlıq əhdi bağlamaq oldu. Mədinənin yerli əhalisi (ənsar) ilə Məkkədən köçənlər (mühacirlər) arasında mehribanlıq yaratmaq məqsədilə Peyğəmbər hər tərəfdən bir nəfər seçərək onları qardaş elan etdi.

Allahın Rəsulu (s) bu hərəkətlə uzaqgörən bir addım atmış oldu. Çünki iki fərqli cəmiyyətin (mühacir və ənsar) qəfil təması nəticəsində ciddi problemlər yarana bilərdi. Əvvəla, mühacirlər 13 il Peyğəmbərin (s) tərbiyəsi altında qərar tutduqları halda, ənsar bu şərəfdən məhrum idi. Cahiliyyə düşüncəsindən hələ tam azad olmamış bir cəmiyyətdə qəbilə təəssübkeşliyinin izləri güclü idi. Üstəlik, Yəsribdə (Mədinədə) yaşayan münafiqlər də mühacirlə ənsar arasında qarşıdurma yaratmaq üçün səylərini əsirgəmirdilər. Belə bir şəraitdə yarana biləcək problemlərin qarşısını almaq üçün ən səmərəli tədbir məhz bu iki cəmiyyət arasında qardaşlıq əhdi bağlamaqdan ibarət idi.

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Məhəmməd Peyğəmbər (s) kəlmeyi-şəhadəti söyləyən hər bir şəxsi müsəlman icmasının bərabərhüquqlu üzvü kimi qəbul edirdi:"Kim: "La ilahə illəllah" - deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir" (Səhih Müslim, hədis 37 (130).

"Sünən İbn Macə"də rəvayət edilir ki, Peyğəmbərimiz (s) buyurmuşdur: "Hər kim: "Allahdan başqa tanrı yoxdur; O, təkdir və şəriksizdir; Məhəmməd Onun (Allahın) bəndəsi və elçisidir" - desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (yəni günah edərsə), ona cəza tətbiq olunar" (Sünən İbn Macə, hədis 2539).

Həmin kitabdakı başqa bir hədisə görə Həzrət Məhəmməd (s) buyurmuşdur: "Müsəlmanı söymək fisqdir, öldürmək isə küfrdür" (Sünən İbn Macə, hədis 3940).

İmam Əli (ə) və vəhdət

İslam Peyğəmbərinin (s) vəfatından sonra İmam Əli (ə) özünü o həzrətin qanuni canişini saydığı halda, müsəlmanlar arasında təfriqə düşməməsi xatirinə açıq mübarizədən çəkindi. Həzrət Əli "Nəhcül-bəlağə"dəki məşhur Şiqşiqiyyə xütbəsində öz vəziyyətini belə təsvir edirdi: "Öz işlərim barəsində fikirləşdim ki, əlsiz (ordu və tərəfdarsız) hücum edim (öz haqqımı tələb edim) yoxsa qocaları həlak edən, gəncləri solduran və qocaldan, möminlərin (fəsadın aradan qalxması üçün) ölüncəyə qədər əziyyət çəkdiyi kor qaranlığa (xalqın azğınlığına) səbr edim. Səbr etməyin ağıllı iş olduğunu görüb gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm..." (Nəhcül-bəlağə, Şiqşiqiyyə xütbəsi (üçüncü xütbə).