Elm və təfəkkür ibadəti əvəz edirmi?


Digərləri 31 Mar 2020 22:55:00 138 0

Elm və təfəkkür ibadəti əvəz edirmi?

Elm və düşüncəni ibadətdən üstün təqdim edən hədislərə ötən məqalələrdə münasibət bildirmişdik. Bu məqalədə məsələyə fərqli müstəvidən nəzər salmağa çalışacağıq.

Bəziləri belə güman edirlər ki, müxtəlif variantlarda məlum olan və möhtəvası "elm (və ya təfəkkür) ibadətdən əfzəldir" mənasını ifadə edən hədislərdə ibadətin lazımsızlığı vurğulanıb. Guya bu hədislər elm öyrənməyi və düşünməyi ibadətin əvəz edicisi kimi tanıtdırır. Bəzi qüvvələr qərəzli şəkildə bu istiqamətdə təbliğat aparır, elm və təfəkkür olan yerdə ibadət tələb olunmadığını insanlara təlqin edirlər.

Son.az islam.az-a istinadən bildirir ki, halbuki, aydın məsələdir ki, iki məhumun bir-biri ilə müqayisəsi və birinin üstün sayılması heç də həmişə onu ifadə etmir ki, ikinci məhfum lazımsızdır və birinci onu tam əvəz edə bilər. Əlbəttə, bəzi hallarda bu iddianın doğru olması mümkündür. Bu, o zaman ola bilər ki, müqayisə edilən iki məfhumun təyinatı, mahiyyəti eyni olsun. Məsələn, bir nəfər öz dostuna qələm verib təklif edir ki, yazını bu qələmlə yazsın. Dostu isə cibindən öz qələmini çıxarıb söyləyir ki, ehtiyac yoxdur, mən öz qələmimlə yazacağam; çünki mənim qələmim daha yaxşıdır. Bu misalda hər iki əşya eyni məqsədə xidmət edir, onların mahiyyəti və təyinatı eynidir. Söhbət iki oxşar məfhumdan - iki qələmdən gedir. Qeyd edək ki, burada bir əşyanın o birindən üstün olması iddiasının özü də mübahisəlidir. Əgər bu misalda adam öz qələminin daha yaxşı olduğunu söyləyirsə, o demək deyil ki, onun sözü doğrudur. Adam bu sözü qərəzlə də deyə bilər, həqiqətdən xəbərsiz olub səhv söyləməsi də mümkündür...

Amma əgər iki fərqli təyinatlı məfhum müqayisə edilirsə, bunların bir-birini əvəz etdiyini söyləmək yanlışdır. Məsələn, hansısa kitabda oxuyuruq: "İnsan üçün su çörəkdən daha vacibdir. Çünki insan çörəksiz bir neçə ay dözər, amma susuz cəmi bir neçə gün qala bilər". Bu müqayisədə su çörəkdən daha mühüm və üstün tutuldu. Lakin su çörəyi əvəz etməyə qadir deyil. İnsan yalnız su ilə yaşaya bilməz. Baxmayaraq ki, onun həyatı üçün su daha vacibdir, amma çörəyin də zərurəti inkaredilməzdir. Kimsə suyun çörəyi əvəz edə biləcəyini söyləsə, bu fikir absurd sayılar.

Yaxud başqa bir misal çəkək. Fərz edək ki, bir şəxs "orkestrdə skripkanın səsi fleytanın səsindən daha gözəldir" iddiasını irəli sürür. Onun bu iddiası hətta doğru ola da bilər. Amma skripkanın səsi heç zaman fleytanın səsini əvəz etməyə qadir deyil. Orkestrin bir musiqini gözəl şəkildə ifa etməsi üçün hər iki musiqi alətinin səsinə ehtiyac vardır. Orkestri nə skripkasız, nə də fleytasız təsəvvür etmək mümkün deyil.

İndi isə hədislərə qayıdaq. Elm öyrənməyin və təfəkkürün ibadətdən üstün olması onların ibadəti əvəz edə bilməsi mənasını verməz. Bunların hər birinin öz yeri və öz əhəmiyyəti vardır. Elm və təfəkkür ibadətlə birləşdikdə lazımi müsbət nəticəni meydana çıxarır. Elm və təfəkkür ibadətə möhkəmlik gətirir. Bəli, elmsiz qılınan namaz Allah dərgahında savaba layiq olmaz. Amma ibadətlə, təslimiyyətlə, bəndəliklə yekunlaşmayan elmin və təfəkkürün də zərrəcə faydası yoxdur.