Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq


Digərləri 31 Mar 2020 22:42:00 122 0

Vergi güzəştləri hesabına Azərbaycanda biznes mühiti qorunub saxlanılacaq

Azərbaycan hökuməti ölkədə makro-iqtisadi sabitliyi qorumaq, koronavirus infeksiyasının iqtisadiyyata vurduğu ziyanın minimuma endirilməsi üçün ciddi və sistemli tədbirlər həyata keçirir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı konkret təkliflər hazırlamaq üçün dörd işçi qrupu yaradılıb:

"Bildiyiniz kimi, işçi qruplarından birinə də İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edir. Mikayıl Cabbarov martın 31-də cənab Prezident İlham Əliyevin qəbulunda olarkən bildirdi ki, konkret təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Mən hazırlanan təkliflərlə tanış oldum və bir iqtisadçı kimi bildirmək istərdim ki, bu təkliflər kifayət qədər sistemli yanaşma, müqayisəli təhlillər və dərin araşdımalar nəticəsində hazırlanıb. Təkliflər reallığı əks etdirir və Azərbaycanın gələcəkdə inkişaf imkanlarının genişləndirilməsinə yönələn tədbirləri özündə ehtiva edir".

Z.Səmədzadə vurğulayıb ki, görülən işlərin miqyası çox geniş və əhatəlidir: "9 proqram hazırlanıb. İlk növbədə dəstək proqramının maliyyə tutumu barədə bildirmək istərdim. Yəni dövlət tərəfindən iqtisadiyyatın aparıcı sektorlarına, ziyan çəkən sahələrə dövlət dəstəyi 2.5 milyard manat olacaq. Bu, dövlət büdcəsinin təqribən 10 faizini təşkil edir. Əgər Azərbaycan iqtisadiyyata dövlət büdcəsinin 10 faizi qədərində maliyyə dəstəyi ayırırsa, bu, dövlətin ziyanı aradan qaldırmaq imkanlarından xəbər verir".

Z.Səmədzadə bildirib ki, Azərbaycan bu zərəri aradan qaldırmaq üçün heç bir beynəlxalq təşkilata müraciət etmir: "Yalnız özünün daxili imkanları hesabına zərəri aradan qaldırmağa çalışır. Bu isə bizim son 15 il ərzində əldə etdiyimiz uğurların məntiqi nəticəsidir".