Günah hər şeyi puç edər


Digərləri 31 Mar 2020 22:30:00 137 0

Günah hər şeyi puç edər

Qurani-Kərim ayələrində vurğulanır ki, insanlara endirilən bəlalar məhz günahların nəticəsidir. İstər fərdlər, istərsə də cəmiyyətlər səviyyəsində gələn müsibətlərin səbəbini günahlarımızda axtarmalıyıq: "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır" (Şura, 30).

"Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına biməz və Ondan başqa onların heç bir hamisi də olmaz" (Rəd, 11).

Məsumların kəlamlarından bəlli olur ki, hətta dünyada baş verən bəzi təbii fəlakətlər və kataklizmlər də günahların nəticəsi ola bilər. İmam Cəfər Sadiq (ə) buyurub: "Dənizdəki canlıların həyatı yağışa bağlıdır. Yağış yağmayanda yerin həm quru, həm də su hissəsində pozuqluq baş verər. Bu hal günahlar çoxalan zaman yaranar" (Bihar əl-ənvar, 70-ci cild, səh. 349). Diqqət yetirin ki, bu hədisdə yağışı kəsən və qıtlıq yaradan günah konkret olaraq qeyd edilməyib və ümumilikdə günahın bu cür mənfi nəticələrə gətirib-çıxardığı buyurulur. Yəni günah sayıla biləcək bütün mənfi əməllər artanda təbiətin nizamı pozula bilər və nəticədə bütün canlı aləm bundan ziyan çəkər...

Son.az islam.az-a istinadən bildirir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) günahın insan üçün nə qədər təhlükəli olduğunu bəyan edərək buyurmuşdur: "Günahlardan çəkinin, çünki günah yaxşılıqları (savabları) puç edər. Bəndə bir günah edər, (əvəzində) ona öyrədilmiş bir elmi unudar. Bəndə bir günah işlədər, (əvəzində) gecə namazına qalxmaqdan məhrum edilər. Bəndə bir günah edər, (əvəzində) əvvəl ona nuş (halal) olan ruzi harama dönər" (Bihar əl-ənvar, 73-cü cild, səh. 377). İmam Əli ibn Əbutalibin (ə) bir kəlamı da bunu sübut edir. Bir nəfər o həzrətin yanına gəlib gecə namazına qalxa bilməməsindən şikayət etdi və səbəbini soruşdu. İmam buyurdu: "Etdiyin günahlar sənə mane olur" (Vəsail əl-şiə, 5-ci cild, səh. 278).

Günah elə bir bəladır ki, xərçəng xəstəliyi kimi ruhda və cisimdə kök salar, qol-budaq atar, hər yeri bürüyər. Əgər insan öz ruhunu günahla baş-başa buraxsa, günah bütünlükdə ruhu öz təsiri altına alar, insanı dünya və axırət səadətindən məhrum edər. İmam Mühəmməd Baqir (ə) buyurmuşdur: "Hər bir bəndənin qəlbində ağ nöqtə (iman zərrəsi) var. Bəndə günah etsə, qəlbində qara nöqtə yaranar. Əgər günahından tövbə etsə, həmin qara nöqtə yox olub itər. Əgər günaha davam etsə, qara nöqtə böyüyər, axırda ağ hissəni də udar. Elə ki, qara hissə ağ hissəni uddu (özündə həll etdi), daha o bəndə heç vaxt yaxşılığa doğru qayıtmaz. Allah-Təalanın kəlamı da buna işarədir: "Əslində onların qəlblərini qazandıqları (günahlar) bürümüşdür" (Mütəffifin, 14) (əl-Kafi, 2-ci cild, səh. 273).