Tahir Mirkişili: İqtisadi dəstək proqramları orta və uzun müddətə əsaslanır


Digərləri 31 Mar 2020 22:00:00 120 0

Tahir Mirkişili: İqtisadi dəstək proqramları orta və uzun müddətə əsaslanır

Dünyada pandemiyanın yayılması, neftin qiymətinin düşməsi, eyni zamanda Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşə bilməz.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, 4 işçi qrupunun yaradılması, sahibkarların bu problemdən minumum zərərlə çıxması, həmçinin vətəndaşlar üçün bu proseslərin mənfi təsirinin minumuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramının hazırlanması kimi qabaqlayıcı tədbirlər görülür:

"Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanır. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən dəstək proqramının istiqaməti və əhatəsi ilə bağlı təkliflər hazırlanıb. Bu proqram təxminən 600 minə yaxın insanı əhatə edəcək.

Bütövlükdə baxsaq, proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri çərçivəsində bu qədər insanın əməkhaqqı almasında və sahibkarlar tərəfindən əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. Qeyd edim ki, 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışanların təxminən 45 faizindən bir az artıqdır. Eyni zamanda 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki xüsusi karantin rejimi həm də fərdi sahibkarların, xüsusən də xidmət sahəsindəki sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarıb.

Vergi güzəştləri ilə bağlı müəyyən imtiyazların verilməsi, sahibkarların banklardan götürdükləri kreditlərə dövlət dəstəyi mexanizminin hazırlanması kimi istiqamətlər mövcuddur".