Azərbaycanda daşınmaz əmlakın sığortalanması "ikinci baharını" yaşayır


İqtisadiyyat 31 Mar 2020 18:18:56 108 0

Azərbaycanda daşınmaz əmlakın sığortalanması "ikinci baharını" yaşayır

Azərbaycanda mənzillərin sığortalanması nələrdən qoruyacaq?

“Qayğımıza qalacaqlar” prinsipindən uzaqlaşmaq lazımdır

Hazırda dünyada baş verən təbii fəlakətləri nəzərə alaraq daşınmaz əmlakının sığortalanması məsələsinin aktuallığı artır. Aydındır ki, təbii fəlakətlərdən sığortalanmaq mümkün deyil, çünki o, fors-major hallarına aiddir və sığorta sektorundakı əsas risklər siyahısına daxil edilib. Lakin təbii fəlakətin vurduğu zərəri sığortalamaq olar.

2010-cu ilin yazında Kür və Araz çaylarında baş verən daşqınlar nəticəsində ətraf ərazilərin su altında qalmasından 9 ildən çox zaman keçir. Daşqınların nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən 460 milyon manatdan çox vəsait ayrılıb. 2012-ci ilin may ayında Qax – Zaqatala bölgəsində baş vermiş güclü zəlzələnin nəticələrini aradan qaldırmaq üçün isə dövlət başçısının təşəbbüsü və göstərişi ilə 420 milyon manat vəsait ayrılıb. Bu vəsait zərərçəkən vətəndaşların problemlərinin həllinə istiqamətlənib. Xatırladaq ki, zəlzələ Azərbaycanın Zaqatala, Balakən və Qax bölgələrindəki yaşayış binalarına, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurub.

Bu vəsaitlər hesabına daşqın bölgəsindəki zərərçəkənlərə də təzminatlar ödənilməsinə baxmayaraq, bunların məbləği dəymiş maddi ziyanı tam ödəməyib. Belə ki, mövcud qaydaya görə, təbii fəlakətin baş verdiyi təqdirdə dövlətin göstərdiyi maddi yardım dəymiç maddi ziyanın 20 faizinə qədər olmalıdır. Yəni Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətə olan evə görə zərərçəkmiş ailə üçün ev tikə bilər, lakin dövlət evin təmir xərclərini tam ödəmək niyyətində deyil və bu da sığortalanmanın üstünlüklərini və zəruriliyini bir daha ortaya qoyur.

Azərbaycanda icbari sığorta hələ 2011-ci ildən qüvvəyə minsə də, dövlət hələ də təbii fəlakətlərin və qəzaların yetirdiyi maddi ziyana görə təzminat ödəyir. Özü də bu həm 2019-cu ilin əvvəllərində Şamaxı, Ağsu, İsmayıllıda baş vermiş zəlzələdən, həm də “Diqlas” ticarət mərkəzində baş verən yanğından sonra yaşanıb. Burada çalışan sahibkarların əmlakı sığortalanmadığı üçün çəkdikləri maddi ziyan dövlət tərəfindən ödənilib.

Ticarət müəssisələrində əvvəllər da yanğın hadisələri olub, amma məhz “Diqlas”dakı hadisədən sonra sahibkarlar arasında daşınmaz əmlakı sığortalamağa marağın bir qədər artdığı diqqət çəkdi. Buna baxmayaraq, “EuroHome” tikinti materailları bazarındakı son faciəvi hadisədən yenə də alışdığımız mənzərənin şahidi olduq, yəni sahibkarların sığortalanmadığı üçün dəymiş ziyanın ticarət mərkəzinin rəhbərliyi tərəfindən ödəniləcəyi gözlənilir. Sığortalanma olsaydı, zərər sığorta şirkətləri tərəfindən ödənilərdi.

Dövlət tərəfindən kompensasiya ödənilməsini artıq gözləməyə dəyməz. Dövlət yalnız müstəsna hallarda, əsasəndə aztəminatlı vətəndaşları dəstəkləyəcək.

Belə ki, dekabrın 19-da ölkə Prezidentiİlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə zamanı dövlət başçısı bildirib: “Ticarət obyektlərinin hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özləridir, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil.

Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır. Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?”