Ramil Həsən: Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər


Siyasət 31 Mar 2020 13:17:00 234 0

Ramil Həsən: Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər

Bu gün bəşəriyyət koronavirus pandemiyasının təhdidi altındadır. Koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, hələ ki bu virus dünyada sürətlə yayılmaqda davam edir:

"Vəziyyət getdikcə çətinləşməkdədir. Dünyanın ən inkişaf etmiş ölkələri belə öz vətəndaşlarını qoruya bilmirlər. Vəziyyət o qədər çətinləşib ki, tibbin inkişaf etdiyi ölkələr virusa yoluxmuş xəstələr arasında seçim aparmaq məcburiyyətində qalıb, xəstəxanalarda boş yer qalmayıb, yaşı çox olan xəstələr artıq qəbul edilmir, onlar ölümlə üz-üzə buraxılır. Bu, çox acınacaqlı bir vəziyyətdir və belə bir ağır durumun yaranmasına səbəb isə insanların bu virusa vaxtında ciddi yanaşmamasıdır".

Deputat vurğulayıb ki, Azərbaycan dövləti ölkəmizdə bu cür vəziyyətin yaranmaması üçün bütün imkanlarını səfərbər edib, lakin bu tədbirlərin səmərəli olması üçün cəmiyyətimizin də üzərinə böyük məsuliyyət düşür:

"Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasını xüsusi diqqət mərkəzində saxlayır. Bu gün dövlətin bütün müvafiq strukturları koronavirus infeksiyası ilə mübarizəyə səfərbər olunub. Bu istiqamətdə görülən bütün işlər məhz insanların sağlamlığının qorunmasına, bu təhlükəli xəstəliyin qarşısının alınmasına yönəlib.

Nəzərə almaq lazımdır ki, görülən tədbirlər insanlarımızın qoyulan qaydalara ciddi riayət etməsi ilə müsbət nəticə verə bilər. Vətəndaşlarımız hər şeydən öncə özlərinin və yaxınlarının sağlamlığını düşünməlidir.

Koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanlarımız məsələnin ciddiliyini nəzərə almalı, qoyulan qaydalara riayət etməklə özlərinin, yaxınlarımızın sağlamlığını, həyatını qorumalıdır".

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət martın 31-dən 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.