İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur”


Dünya 31 Mar 2020 11:45:00 100 0

İtaliyada işləyən həkimimiz: “Ölənləri yerləşdirməyə yerlər yoxdur”

Bu video İtaliyanın Lakuila şəhərində çəkilib.

Son.az bildirir ki, videonu çəkib APA-ya göndərən İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva deyir ki, əvvəllər bu cür iri marketlərin önündə maşın saxlamağa yer tapılmırdı, isə indi şəhərin küçələri kimi, parklama yerləri də boş qalıb.

60 milyon nəfər əhalisi olan İtaliyanın normalda turistlərlə dolub daşan tarixi məkanları göyərçin və pişiklərin sığınacağına çevrilib. Yaponiyadan sonra dünyanın ən yaşlı ölkəsi sayıldığı üçün İtaliyada ölənlərin sayı dayanmadan artır.

Lakuila şəhərindəki xəstəxanalardan birində həkim işləyən Sayalı Vəliyeva deyir ki, küçələrdə görünən şəxslərin hər birinə məsul şəxs yaxınlaşıb, küçədə olmasının səbəbini soruşur. Yalnız daha vacib sahələrdə - həkim, tibb işçisi, əczaçı, polis, market işçisi işləyənlərə sərbəst hərəkət etməyə icazə verilir: "İtaliyada COVİD-19 epidemiyası ölkənin şimalından, daha dəqiq desək, Lombardiya regionunun Kodoniya əyalətindən başladı. Əvvəlcə həmin əyalətin karantinə alınmasına başlandı. Əyalət sakini olan hər kəs yoxlanıldı, yoxlamadan keçənlərin hər birinə peyvənd vuruldu. Daha sonra bu, əyalət səviyyəsindən çıxdı, bütövlükdə region, eləcə də qonşu regionlar da karantinə alındı".

Həkim bildirir ki, ölkənin iqtisadiyyatında eniş çox da müşahidə olunmur. Çünki İtaliya dövləti öz xalqını qida və başqa ərzaqla təmin edə biləcək, başqa dövlətlərdən asılı hala düşməyəcək qədər iqtisadiyyatını inkişaf etdirə bilib: "İtaliyada rəqəmlərin belə yüksək alınmasının səbəbləri kimi pandemiyanın qarşısının alınma tədbirlərinin, karantin rejiminin vaxtında verilməməsi qərarını göstərirlər. Evdən küçəyə çıxmaq üçün belə bir modul var. Bu modulu doldurub üstümüzdə gəzdirməliyik. Tətbiq olunan rejimə əməl etmədikdə, bizi gözləyən sanksiyalar barədə məlumatımız olduğunu da modulda qeyd etməliyik".

Sosial şəbəkələrdə İtaliya eyvanlarında yayılan musiqiçilərin videolarına gəlincə, Sayalı Vəliyeva deyir ki, həmin aksiya martın 14-də İtaliya həkimlərinə dəstək üçün əhali tərəfindən təşkil edilib. Saat 12-də insanlar eyvanlara çıxıb həkimləri 5 dəqiqə ərzində alqışlayıblar. Daha sonra bu, bütün dünyaya yayılan fləşmob halını alıb. Beləcə, musiqiçilər də öz evlərindən insanlarda yüksək əhval yaratmaq üçün sevdiyi musiqiləri ifa etməyə başlayıblar: "Mərkəzi və Cənubi İtaliyada pandemiyaya yoluxanların sayı durmadan artmaqdadır. Şimalda vəziyyət daha pisdir, nəyə görə? Ona görə ki, yoluxanların sayı çoxdur, intensiv terapiya almalı olanlar üçün yer yoxdur. Hökumət artıq Milanda yeni COVİD xəstəxanası tikməyə başlayıb. Bununla belə, virusdan ölənləri yerləşdirməyə də yerlər yoxdur".