ABŞ Cənubi Koreyanın koronavirusu aşkarlayan analiz dəstlərini təsdiqləyib


Dünya 31 Mar 2020 08:48:00 91 0

ABŞ Cənubi Koreyanın koronavirusu aşkarlayan analiz dəstlərini təsdiqləyib

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) Cənubi Koreyanın yeni növ koronavirusu (COVID-19) aşkarlayan analiz dəstlərini ilkin olaraq təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, FDA-nın ilkin təsdiqi Cənubi Koreya istehsalçılarına 3 növ analiz dəstlərini, hazırda COVID-19 infeksiyasının ən çox yayıldığı Birləşmiş Ştatlara satmağa imkan yaradıb.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi analiz dəstlərinin ABŞ-a ixracına sürətlənəcəyinə inanır. Qeyd edək ki, ötən həftə ABŞ və Cənubi Koreya dövlət başçılarının telefon danışığı zamanı Prezident Donald Tramp COVID-19 pandemiyası ilə mübarizədə istifadə etmək üçün Cənubi Koreyadan tibbi ləvazimatlar göndərilməsinə ümid etdiyini deyib. Prezident Mun Ce-in ölkəsinin Birləşmiş Ştatlara maksimum dəstək verəcəyini, lazımi tibbi ləvazimatları göndərmək üçün FDA-nın müvafiq razılığına gərək olduğunu bildirmişdi. Donald Tramp isə öz növbəsində bu məsələyə dair ən qısa zamanda fəaliyyətə başlaya biləcəyini demişdi.

Cənubi Koreya özünün tibbi analiz imkanlarından yararlanaraq virusun yayılmasına qarşı gördüyü tədbirlərlə diqqət cəlb edib. İndiyədək 47 ölkə analiz dəstləri almaq üçün Cənubi Koreyaya müraciət edib.