Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib


Digərləri 30 Mar 2020 20:05:00 95 0

Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib.

Bu barədə Son.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

• Bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• Fərdi mənzillərdə təmizlik xidmətləri;

• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2. Səhiyyə və sosial sahə üzrə:

• Elmi-tədqiqat və laborator xidmətləri

• Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

• Baytarlıq xidmətləri

• Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı

• Sosial xidmətlər

• Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

3. İnfrastruktur sahəsi üzrə:

• Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)

• Elektrik enerjisinin istehsalı və təchizatı

• Su təchizatı və meliorasiya

• Telekommunikasiya və rabitə xidmətləri

4. Nəqliyyat və logistika sahəsi üzrə:

• Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları

• Dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri

• Logistika xidmətləri

• İctimai nəqliyyat və taksi xidmətləri

5. Əsas istehsalat növləri:

• Müdafiə sənayesi məhsullarının istehsalı

• Neft avadanlıqları və qurğularının istehsalı

• Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı

• Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı

• Kimyəvi məhsulların istehsalı

• Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti