BMT NyuYorkun tibb müəssisələrinə 250 min maska yardım edib


Dünya 30 Mar 2020 19:39:00 110 0

BMT NyuYorkun tibb müəssisələrinə 250 min maska yardım edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Nyu-York merinə 250 min maska verib. Yardım şəhərin tibb müəssisələri arasında bölüşdürüləcək. Təşkilatın baş katibi Antonio Quterreş bu addımın nyu-yorklu tibb işçiləri ilə həmrəylik rəmzi kimi atıldığını bildirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın ən iri meqapolisi hazırda koronavirus infeksiyasının yayılması dövrünü yaşayır: on minlərlə nyu-yorklu bu xəstəliyə yoluxub, yüzlərlə insan vəfat edib. Bir çox xəstəxanalar yoluxanların axını ilə üz-üzədir. "Birləşmiş Ştatların səfiri Kelli Kraft ilə birgə mən xəbər vermək istəyirəm ki, biz ABŞ-a 250 min qoruyucu maska verəcəyik. Bu maskalar hazırda Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mağazalarındadır", - deyə BMT-nin baş katibi bildirib.

Quterreşin sözlərinə görə, maskalar Nyu-Yorkun cəsarət və fədakarlıq nümayiş etdirən, şəhərin bütün beş rayonunda virusla yorulmadan mübarizə aparan tibb işçilərinə veriləcək. "Ümidvarıq ki, biz bu yolla talelərin xilas olunması işinə öz yardımımızı etmiş olacağıq", - deyə o vurğulayıb.

A.Quterreş Nyu-York sakinləri ilə həmrəyliyini ifadə edərək xatırladıb ki, bu tanınmış şəhər beynəlxalq paytaxt, bütün beynəlxalq birliyin görüş yeridir: burada debatlar keçirilir, ticarət sövdələşmələri müzakirə olunur və gələcək tərəqqinin bünövrəsi qoyulur.