AMEAnın əməkdaşları məzuniyyətə göndərildi


Digərləri 30 Mar 2020 14:37:00 103 0

AMEAnın əməkdaşları məzuniyyətə göndərildi

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əmək haqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, sərəncamda AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilməsi nəzərdə tutulub.

AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və vətəndaşların özlərini daha ciddi qorumasına şəraitin yaradılması məqsədilə AR Nazirlər Kabineti yanında Operativ Qərargahın 20 mart 2020-ci il tarixində keçirdiyi müşavirədə bəzi dövlət qurumlarının, o cümlədən AMEA əməkdaşlarının 2020-ci il martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə göndərilməsi haqqında qərar qəbul olunub.