Səhiyyə Nazirliyi tibbi maskalardan düzgün istifadə qaydalarını açıqladı


Digərləri 29 Mar 2020 17:37:00 134 0

Səhiyyə Nazirliyi tibbi maskalardan düzgün istifadə qaydalarını açıqladı

Səhiyyə Nazirliyi tibbi maskalar haqqında maarifləndirici məlumat paylaşıb.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Son.az-a verilən xəbərə görə, üz üçün tibbi maska - tənəffüs orqanlarının hava-damcı yolu ilə ötürülən patogen viruslardan və bakteriyalardan, submikron ölçülü müxtəlif hissəciklərdən (allergik reaksiyalar törədən), zərərli buxarlardan və aerozollardan, bioloji mayelərdən, tozlardan və s. qorunması üçün nəzərdə tutulmuş fərdi mühafizə vasitəsidir.

Bu vasitə, müxtəlif sahələrdə böyük populyarlıqla istifadə olunur:

• səhiyyə müəssisələrində;

• kosmetologiyada;

• stehsalatda;

• məişətdə.

Təkistifadəlik tibbi maska, təsnifat

Bu məhsula maraq daim artır və fərdi mühafizə vasitələrinin xarakteristikalarına, təyinatına, ölçülərinə və s. görə fərqlənən müxtəlif versiyalarına tələbat yaranır. Maska istehsalçıları, müxtəlif siniflərə və növlərə ayırmaqla öz məhsul çeşidlərini genişləndirmişlər. Tanış olmaq üçün mövcud təsnifatları nəzərinizə çatdırırıq:

Sterillik dərəcəsinə görə maskalar iki kateqoriyaya bölünür:

1. Steril təkistifadəlik maskalar, xüsusi tərzdə emal olunmuş və beləliklə də səthlərində heç bir mikroorqanizm olmayan maskalardır. Belə vasitələr "təmiz" sahələrdə - əməliyyat otaqlarında və laboratoriyalarda iş üçün nəzərdə tutulmuşdur. Sahə, dezinfeksiyaedici vasitələrlə və ultrabənövşəyi şüalarla işləndikdən sonra "təmiz" sayılır. Adi sahəyə düşdüyü andan etibarən steril maska qeyri-steril olur.

2. Qeyri-steril - məişətdə, tibb müəssisələrində, istehsalda və s. istifadə olunan bütün digər maskalardır. Bu, müxtəlif sferalarda istifadə olunan vasitələrin çoxsaylı alt növlərindən ibarət ümumi kateqoriyadır.

Maskaların istehlakçının konkret yaş qrupuna uyğun ölçülər üzrə bölgüsü mövcuddur:

• yenidoğulmuşlar və 5 yaşa qədər uşaqlar üçün maska - ölçüləri 12 x 7 sm təşkil edir;

• 5 yaşdan 14 yaşadək pasiyentlər üçün uşaq maskası - ölçüləri 14 x 8 sm təşkil edir;

• böyüklər üçün maska - ölçüləri 17 x 9,5 sm təşkil edir.

Bu vasitələr, təyinatı üzrə aşağıdakı kateqoriyalara bölünür:

• cərrahi maskalar;

• prosedur maskaları;

• stomatoloji maskalar.

Fərdi mühafizə vasitələri buraxan məşhur ticarət markalarının istehsalçıları rəng üzrə təsnifatı təklif edirlər:

• yazılarla, abstrakt təsvirlərlə, rəsmli maskalar - əsasən uşaq səhiyyə təşkilatlarında geyinilməsi üçün nəzərdə tutulmuşdur, mühafizədən savayı onlar ikinci təyinata malikdirlər - tanış olmayan mühitə uyğunlaşmağa, tibb heyəti ilə əlaqənin qurulmasına kömək etmək;

• rəngli maskalar - bütün rəng çalarlarında hazırlanmış olub, müxtəlif rəng və çeşid üzrə qablaşdırmalarda satılırlar, mühafizə xüsusiyyətlərindən başqa əhvalın yüksəldilməsini təmin edirlər;

• tibbi qara maskalar - əlavə mühafizə ilə gücləndirilmiş olub, kosmetik salonlarda, təmizlik şirkətlərində, istehsalatda istifadə olunurlar, müxtəlif submikrofil hissəciklərdən etibarlı mühafizəni təmin edirlər.

Bütün rəngli maskalar hipoallergendirlər. Hətta rəng çalarının verilməsi və ya rəsmin yaradılması üçün istifadə olunan boyalar belə, allergik reaksiya verməyən və uşağın orqanizmi üçün tamamilə təhlükəsiz olan xüsusi boyalardırlar. Üz üçün tibbi qara maskalar həm monoton, həm də şən yazılarla (gülüş, bığ, smaylik və s.) ola bilər. Bütün bunlar, uşaq maskalarında olduğu kimi, heyətin və ziyarətçilərin əhvalına xoş təsir bağışlayır ki, bu da təyin olunmuş müalicənin uğurlu olmasına müsbət təsir göstərir.