Koronavirus niyə tüğyan edir?


Digərləri 28 Mar 2020 22:50:00 171 0

Koronavirus niyə tüğyan edir?

İtaliyada biologiya üzrə təhsil alan və orada yaşayan türk gəncin paylaşdığı video sosial şəbəkələrdə maraqla qarşılanıb.

Son.az axar.az-a istinadən bildirir ki, türkiyəli gənc İtaliyada bu virusun yayılma səbəblərini izah edib. Bildirib ki, koronavirusla bağlı ilk yoluxma halları ortaya çıxandan sonra İtaliya hakimiyyəti məktəblərdə tətil elan edib və müəyyən önləyici tədbirlər alıb. Amma insanlar bunu fürsət bilərək, övladlarını da yayına alıb kafe və restoranları, ticarət mərkəzlərini gəziblər.

Türkiyəli gəncin sözlərinə görə, hökumətin çağırışına baxmayaraq, insanlar ünsiyyəti kəsmək və evdə qalmaq əvəzinə, bu tətilin "ləzzətini çıxarmaq" üçün görüşləri artırıblar. Nəticədə isə bu ölkədə virus inanılmaz dərəcədə sürətlə yayılıb.

O qeyd edib ki, hazırda hər yer qapanıb, evdən yalnız ailənin bir üzvü ərzaq almaq üçün çıxır. Onlar da "nömrələnib" və marketlərdə onların həmin ərazidə yaşadığını bildirən nömrələnmə əsasında ərzaq ala bilirlər. Əgər bu nömrə yoxdursa, onda karantin qaydaları pozulmuş sayılır və polis müdaxilə edir.

Onun sözlərinə görə, ərzaqla bağlı heç bir problem yoxdur, ancaq hazırda həftədə bir dəfə ərzaq almağa çıxmağı qarşılarına məqsəd qoyublar, bacardıqca evdən çıxmamağa çalışırlar.