COVID19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır


Siyasət 28 Mar 2020 22:13:00 138 0

COVID19 pandemiyası fonunda Yaxın Şərq və Körfəz ölkələrində yeni geosiyasi münasibətlər formalaşır

Bəşəriyyətin, o cümlədən Yaxın Şərq və Körfəz ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir vaxtda ekspertlər bu pandemiyanın fonunda regionda baş verən geosiyasi prosesləri, iqtisadi və siyasi vəziyyəti təhlil edirlər. Ən aktual problem isə sözügedən ölkələrdə yaranan sosial-iqtisadi fəsadlar və onların aradan qaldırılmasıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, regionun ən varlı dövləti olan Səudiyyə Ərəbistanı ciddi iqtisadi problemlərlə üzləşib. "Atlantik Council"in analitik məqaləsində qeyd olunur ki, ötən ilin avqustunda ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra Çinə neft nəqlini gündəlik 2 milyon barelə çatdıran "Aramco" şirkətinin ixracının həcmi 500 min barelə qədər azalıb. Dünya bazarlarında "OPEC+" təşkilatının qiymətlərin tənzimlənməsi üzrə siyasətinin iflasa uğramasından sonra vəziyyət daha da pisləşib. Martın 27-də Səudiyyə Ərəbistanının Energetika Nazirliyi neft-qaz bazarının tarazlığı istiqamətində Rusiya ilə danışıqlar aparıldığı xəbərlərini də təkzib edib. Digər tərəfdən, Ümrə ziyarətinin ləğv edilməsi, qarşıdan gələn Ramazan ayında və Həcc ziyarətində yarana biləcək problemlər də 20 milyondan çox turist qəbul edən Ər-Riyada iqtisadi və sosial sahədə ciddi çətinliklər vəd edir. Bununla yanaşı, martın 26-da keçirilən G20 ölkələri liderlərinin virtual sammitində çıxış edən Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz inkişaf etmiş dövlətləri pandemiyaya qarşı mübarizədə səylərini birləşdirməyə və yoxsul ölkələrə yardım etməyə çağırıb.

Körfəz Əməkdaşlıq Şurasının daha bir nüfuzlu üzvü - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də pandemiyanın fəsadları ilə üz-üzə qalıb. Bu ölkənin neft-qaz, turizm sektorları və maliyyə bazarı da iflic vəziyyətə düşüb. Ən başlıcası, oktyabrda açılışı nəzərdə tutulan "Dubai Expo- 2020" sərgisi təxirə salına bilər. Belə ki, hər il 17 milyon turist cəlb edən Əmirliklər sərgidə 20 milyon insanın iştirakını nəzərdə tuturdu. BƏƏ-də əhalinin 90 faizi viza əsasında çalışan əcnəbilərdir və onların əhəmiyyətli bir hissəsi də öz vətənlərinə qayıdıb. Eyni zamanda, Əbu-Dabi və Dubay əmirliklərinin turizm sektoru da fəaliyyətini tamamilə dayandırıb. Bütün bunlar göstərir ki, cari ildə maliyyə itkiləri astronomik məbləğə çata bilər.

Sosial-iqtisadi fəsadlar Oman, Bəhreyn, Qətər, Küveytdə də hiss olunur və bu ölkələrin ümumi daxili məhsulunun artmasında, həmçinin iqtisadi inkişaf proqnozlarının yerinə yetirilməsində çox ciddi problemlər gözlənilir. Məsələn, CNBC-nin ekspertləri qeyd edirlər ki, neft ixracının 53 faizini COVID-19 virusunun daha çox yayıldığı ölkələrə həyata keçirən Oman bu il ciddi böhranla qarşılaşacaq.

Pandemiya Yaxın Şərq və Körfəz regionlarında geosiyasi vəziyyətə də təsirsiz ötüşməyəcək. Doğrudur, Yəməndə silahlı münaqişə davam etsə də, ümumilikdə Yaxın Şərq və Körfəz ölkələrinin xarici siyasət kursunda sülh və sabitliyə meyillər daha çox sezilir. Yəməndə Hutsi qiyamçılarına qarşı mübarizə aparan ərəb koalisiya qoşunlarının, habelə Şimali Afrika ölkəsi olan Liviyada vətəndaş müharibəsinə cəlb olunmuş tərəflərin də əvvəlki fəallığı hiss olunmur. Martın 28-də isə ABŞ koronavirus pandemiyası ilə əlaqədar Səudiyyə Ərəbistanından özünün qoşun kontingentini çıxaracağını açıqlayıb. Görünən odur ki, pandemiya artıq ötən ilin sonlarında özlərini İranla hərbi-siyasi münaqişənin bir addımlığında hiss edən və Pentaqondan kömək gözləyən ölkələr üçün də bütün problemləri arxa plana keçirib. Vaşinqtonun Küveytdən də qoşun hissələrini geri çağıracağı, NATO koalisiyasının isə İraqdan öz əsgərlərini çıxaracağı istisna edilmir. Artıq bəzi Avropa ölkələri bu istiqamətdə ilk addımlar atırlar.

Koronavirus pandemiyası ilə əlaqədar Körfəz ölkələrinin İranla münasibətlərində də yumşalma hiss olunur. BƏƏ və Qətərin Tehrana tibbi ləvazimatla yardım etmələri, həmçinin "Qatar Airways" aviaşirkətinin İrana göndəriləcək bütün humanitar yükləri təmənnasız daşıyacağı barədə bəyanatı, Küveytin bu ölkəyə 10 milyon dollar məbləğində yardım etməsi Yaxın Şərqin mühüm ölkəsi olan İranla Körfəz ölkələri arasında yumşalmanın əlaməti sayıla bilər. Hazırda Ər-Riyadla Tehran arasında münasibətlərdə də nikbin tendensiya görünməkdədir.

Xarici Əlaqələr üzrə Avropa Şurası və "Atlantik Council"in ekspertləri sözügedən regionlarda formalaşan yeni geosiyasi şəraitin yaxın gələcəkdə dövlətlərarası münasibətlərə də ciddi təsir edəcəyini proqnozlaşdırırlar. Hər halda, bunu koronavirus pandemiyasından sonrakı dövr göstərəcək.