“Başını divara çırpıb, 12 bıçaq vurub” Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib


Kriminal 28 Mar 2020 11:45:00 138 0

“Başını divara çırpıb, 12 bıçaq vurub”  Piriyev onu məhkəməyə verən keçmiş arvadını öldürmək istəyib

Boşandıqdan sonra əmlak tələb edən keçmiş arvadını öldürmək istəyən şəxs hakim qarşısına çıxarılıb. O, keçmiş arvadına 12 bıçaq zərbəsi vursa da onu öldürmək istəmədiyini deyir.

Son.az musavat.com-a istinadən bildirir ki, 1978-ci il Piriyev Mehdi Sədaqət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.

İttihama görə, Mehdi Piriyev məhkəmə qaydasında nikahlarına xitam verilmiş keçmiş arvadı Məmmədova Ülviyyə Elxan qızını öldürməyə cəhd edib.

Piriyev keçmiş arvadının ona qarşı əmlak tələbi və digər mülki xarakterli iddia tələbləri ilə məhkəməyə müraciət etməsinə görə ondan qisas almaq üçün öldürmək qərarına gəlib.

Bu məqsədlə Ülviyyə Məmmədovanın yaşadığı Xırdalan şəhəri, T.Əliyarbəyov küçəsi, 3 nömrəli evin qarşısına gələrək, onun işdən çıxıb, yaşadığı evə gəlməsini gözləyib. Ülviyyə Məmmədovanı yaşadığı evə doğru getdiyini görüb, onun qarşısına keçərək saçından tutub divara çırpandan sonra yerə yıxıb.

Piriyev üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış suvenir tipli bıçaqla Ülviyyə Məmmədovanın bədəninin həyat fəaliyyəti üçün vacib olan orqanlarına 12 bədən xəsarəti yetirib.

Piriyev Ülviyyənin aldığı xəsarətlərdən öldüyünü zənn edərək hadisə yerini tərk edib. Ülviyyənin vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən Mehdi Piriyev hökmdən narazı qalıb. O apellyasiya şikayəti verərək göstərib ki, hökm üzrə tətbiq edilən cəza törətdiyi cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun deyil.

Piriyev deyib ki, keçmiş arvadını öldürmək məqsədi olmayıb. O, əməlinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsinə tövsif edilməsini istəyib.

Məhkəmədə çıxış edən Piriyevin vəkili deyib ki, Mehdi söhbət etmək üçün Ülviyyəni gözləyib. Ülviyyənin tək evə tərəf gəldiyini görüb yaxınlaşaraq dayanmasını xahiş etsə də, Ülviyyə qaçmağa başladığı üçün onun arxasınca təxminən 5-6 metr qaçaraq onu tutub.

Vəkil bildirib ki, Ülviyyəyə onunla danışmaq istədiyini bildirib, lakin Ülviyyə onunla danışmaq istəməyib, ucadan qışqıraraq onu təhqir edib.

"Mehdi Ülviyyənin saçından tutub. Ülviyyə yerə yıxıldıqdan sonra, özü də bilmədən üzərindəki bıçağı çıxardıb və ona 2-3 dəfə zərbə endirib. Ani olaraq özünə gəlib və hərəkətini dayandırıb. Hərəkətini davam etdirməkdə ona heç kim mane olmayıb və yalnız öz istəyi ilə hərəkətini dayandırıb. Sonra da polis şöbəsinə gedərək təslim olub" - deyə vəkil müdafiə çıxışında bildirib.