Oynaq qığırdaqlarının yeyilmə səbəbləri və müalicə yolları Ağrı mütəxəssisi ilə MÜSAHİBƏ


Digərləri 27 Mar 2020 23:55:00 206 0

Oynaq qığırdaqlarının yeyilmə səbəbləri və müalicə yolları  Ağrı mütəxəssisi ilə MÜSAHİBƏ

İnsan oynaqları üzərində bədən ağırlığını saxlayır, tarazlayır. Təəssüf ki, gənc yaşlarımızda oynaqlarımızın qığırdaqlarını diqqətdə saxlayıb, qayğısına qalmırıq. Buna görə də yaşlananda oynaqlarımız tamam dağılır. Məhz bu anda müalicə barədə düşünürük.

Oynaqlarımızı necə qorumalıyıq? Ümumiyyətlə, oynaqlarda yeyilmə, qığırdaq dağılması niyə baş verir? Çıxış yolu varmı?

Son.az bildirir ki, medicina.az-ın suallarını alqoloq, ağrı mütəxəssisi Vusal Eyvazov cavablandırıb.

- Doktor, oynaq qığırdağı problemi ilə ən çox kimlər müraciət edir? Niyə oynaqlar insanı yarı yolda qoyur?

- Bu gün bizə oynaq qığırdağı yeyilməsi problemi ilə müraciət edən xəstələr heç də əvvəlki kimi yaşı 50-dən yuxarı insanlar yox, gənclərdir. Oynaq qığırdağı xəstəlikləri cavanlaşıb.Son bir neçə ayda 26-30 yaşlı xəstələrimiz də olur. Bu həftə 26 yaşlı xanımın 7 oynağına - 2 çanaq, 2 diz, 2 bilək və sol dirsəyinə kök hüceyrə köçürdüm. Mürəkkəb xəstələrdən idi. Xanım çoxdandır dağınıq sklerozdan əziyyət çəkirdi. Skleroza görə məcburən uzun illər hormonal dərmanlar qəbul edib. Bu dərmanların da ən çox zərər verdiyi yer oynaqlardır.

Xəstələrin böyük hissəsi də qadınlardır. Qadınlarda reproduktiv yaş dövründə hər menstrual tsikldən sonra əsas qadın hormonu olan progesteronun səviyyəsi çox aşağı düşür, bu da kalsium duzlarını bədəndən çıxarır. Sümüklərdə kövrəkləşmə, osteoporoz yaranır. Bu da gələcəkdə müəyyən yaş dövründə sümük, dayaq aparatı xəstəliklərinə, oynaq qığırdağı yeyilməsinə səbəb olur. Belə problemlər Azərbaycan xanımlarında təəssüf ki, çoxdur. Bir səbəbi də artıq çəki, hərəkətsizlikdir. Bəzən biz unuduruq, çəkimiz artdıqca oynaqların üzərinə düşən ağırlıq, yük artır. Biz çəki yığdıqca oynaqlarımız böyümür. Oynaqlar 25 yaşa kimi formalaşır, sonra inkişafı dayanır, ölçüsü nədirsə, ömür boyu da elə qalır.

Gənc bir insan 25 yaşında 50-60 kq olur, amma 40 yaşında kökəlib 100 kq-a çatır. Buna oynaqlar necə tab gətirsin. Təbii ki, qığırdaqlar yeyilir.

Kişilərdə idmana bağlı çəki artımı tam başqadır. İdmanla əzələ kütləsi artdığı üçün əzələ oynaqlara düşən yükü üzərinə götürür. Nə qədər insan cavandır, onun çəkisini əzələ və skeleti daşıyır. İnsan aktiv həyat keçirsə, fiziki aktiv olsa, əzələlər bir o qədər tonusda qalır.

Zaman keçdikcə çəki artıqlığı, hərəkət azlığı və üstəlik orqanizmin yaşlanması yükü oynaqların üzərinə atır. Beləcə bud-çanaq, diz, ayaq-topuq oynaq qığırdaqları dağılır. Sıxılma çox olur deyə, qığırdaqlar zədələnir. Qığırdaq tədricən tamamilə yeyilir, oynaq, sümük oynaqları deformasiyaya uğrayır və ağrılar başlayır.

- Yəni, artıq qocalmağı gözləmək lazım deyil. Bəs gənclər oynaqlarını yoxlatmaq və qorumaq üçün ilk növbədə nə etməlidirlər?

- Oynaqlarda ilk ağrılar yaranır, qığırdaqların yeyilməsi ilə bağlı ilk şübhə yaranır, amma təəssüf ki, insanlarımız sağlam müalicə yerinə, mazla, dərmanla, masajla illəri keçirirlər. Halbuki ilk vaxtda mütləq travmatoloq və ya ağrı mütəxəssisinin müayinəsindən, həmçinin sadə bir rentgendən keçməlidirlər. Orda oynaqlar arası məsafədə daralmanın, oynaqda iltihabın olub-olmaması görünür. Bunlar bizə yetər ki, problemə uyğun olaraq, müalicə və qabaqlayıcı tədbirlərə başlayaq. Oynaq qığırdağı dağılmağa başlayırsa, orqanizmin onu bərpa etmək imkanı yoxdur. Çünki oynağın qidalanması oynaq arası mayedəndir. Oynaqlar yeganə orqandır ki, qan dövranı yoxdur. Heç bir maz, ağrıkəsici, iynə-dərmanla onu bərpa edə bilməyəcəksiz.

- Bəs nə təklif edirsiniz? Hansı asan müalicə metodları var?

- Bizim çox uğurla istifadə etdiyimiz ozonhemoterapiya, PRP metod və gialurion inyeksiyalarıdır. PRP insanın öz qanının trombositar kütləsinin oynaq daxilinə yeridilməsidir. Bir maraqlı məqam da var ki, bu metodu bir çox həkimlər xəstələrin bilgisizliyindən istifadə edib, kök hüceyrə adı altında təqdim edir. Bir neçə xəstə olub ki, yanımıza gələndə ona 3 dəfə kök hüceyrə köçürüldüyünü iddia edib. Bildirib ki, qanından alıb sentrafuqada keçirib, oynağına vurublar. Təbii ki, bu kök hüceyrə deyil, xəstə açıq şəkildə aldadılıb. Kök hüceyrə qandan alınmır, piydən alınır və 3 dəfə deyil, cəmi bir dəfə köçürülür. Bu proses əməliyyatxanada icra olunur. Bunları bilsələr, xəstələrimiz aldanmazlar.

Fikrimcə, ən effektiv metod ozon terapiyasıdır. Ozon oynaqda yeyilmə varsa, həmin an onun qarşısını alır, autoimmun sistemi artırır, antioksidant sistemləri gücləndirir. Beləcə oynaqda olan zədələnmə dayanır və şiddətlənmir. İlkin mərhələdə müraciət etməyin üstünlüyü budur. Cəmi bir neçə seans ozon inyeksiyası ilə gələcək əlillikdən, bahalı əməliyyatdan xilas ola bilərlər. İkinci çox effktiv metod, bir az irəliləmiş problemlərdə peptidli gialuron turşusudur. Oynağa gialurion turşusu inyeksiyası çox edirlər. Azərbaycanda dəqiq məlumatım yoxdur, peptidli gialuron kim istifadə edir. Mən yalnız bu gialuriondan istifadə edirəm. Həm oynağın qidalanmasını yaxşılaşdırır, həm də ağrıları götürür, oynaq yeyilməsinin qarşısını alır.